Türkiyə ordusunun Afrini bombalayan təyyarələri bazaya qayıtdı – VİDEO + FOTO
Suriyanın Afrin bölgəsində terrorçu PKK-nın bu ölkədəki qanadı YPG-nin mövgelərinə zərbə endirən Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) 70-dən çox təyyarəsi uğurla yerinə yetirdiyi tapşırıqdan sonra hərbi bazaya qayıdıb.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Zərbələr terrorçuların Afrinin 7 rayonunda yerləşən obyektlərinə endirilib. Ümumilikdə 108 hədəf məhv edilib. Əməliyyata cəlb edilmiş 72 təyyarənin hamısı bazalarına dönüb”, - deyə Baş Qərargahın məlumatında qeyd olunub.
***21:41
Türkiyə Silahlı Qüvvələri (SQ) əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.
Bu barədə Türkiyə SQ-nin Baş Qərargahı məlumat yayıb.
“Saat 19.30-a olan məlumata görə, PYD-yə məxsus 113 hədəfdən 108-i məhv edilib. Ölən və yaralananların hamısı terror təşkilatların üzvüdür”, - deyə məlumatda bildirilir.
***19:17
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalındakı kürd bölgəsi Afrinin PYD qüvvələrindən təmizlənməsi üçün hərbi əməliyyatın başlandığını elan etməsindən sonra Silahlı Qüvvələrin Baş qərargahı əməliyyatın kod adını açıqlayıb. Bu açıqlamaya əsasən Afrinin PKK-ya bağlı kürd terrorçu qruplarından təmizlənməsini hədəfləyən əməliyyat “Zeytun budağı” adlanır. “Zeytun budağı” əməliyyatı qədimlərdə müharibə vəziyyətində olan tərəflərdən birinin digərinə sülh təklifinin rəmzi kimi istifadə olunub. Lakin Türkiyə ordusu “zeytun budağını” sərhədin o tayına çatdırmazdan əvvəl aviazərbələrə və artilleriya hazırlığına başlayıb.
Türkiyə telekanallarının xəbərlərinə görə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Afrindəki hədəflərə zərbə endirir, eyni vaxtda Türkiyə ordusunun artilleriyası və reaktiv yaylım atəşi sistemləri bölgəni intensiv atəşə tutur. Xəbərlərə görə Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu”nun dəstələri artıq sərhədi keçib və PYD qüvvələri ilə döyüşə girib. Türkiyə xüsusi təyinatlılarının da sərhədi keçərək aviasiya və artilleriya zərbələrini yönləndirdiyi bildirilir.
Gözlənilir ki, Türkiyə ordusunun quru hissələri artilleriya hazırlığının ardınca sərhədi keçəcək. Lakin müşahidəçilər bu əməliyyatın mürəkkəb olacağına diqqət çəkirlər. Çünki Afrində yaxşı silahlanmış və yüksək döyüş hazırlıqlı 10-15 min PYD silahlısı var. Ümumi səfərbərlik olsa kürdlər 30 minə qədər adamı döyüşə ata bilərlər.
Ərdoğan isə elan edib ki, Afrinlə kifayətlənməyəcək, YPG-nin nəzarətində olan Menbiç bölgəsini də təmizləyəcək.
***16:34
"Afrində əməliyyat faktiki olaraq başlayıb. Daha sonra Münbiç əməliyyatı gələcək. ABŞ-ın nə dediyi artıq bizi maraqlandırmır”.
Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf partiyasının Kütahya əyalət təşkilatının konfransında deyib.
R. T. Ərdoğan ABŞ-ın Suriya siyasətini yenidən tənqid edib: O vurğulayıb ki, Suriyada özləri üçün bir oyun quranlar, terror qruplaşmasının adını dəyişdirməklə hiylə işlədiklərini sanırlar: "Bizim gözümüzdə adı nə olursa-olsun, terrorçulardan ibarət istənilən təşkilatın adı terror qrupudur. İstər onun adı Suriya Demokratik Qüvvələri, istər “sərhəd ordusu”, istərsə də daxili təhlükəsizlik qoşunu olsun. Siz kimi aldadırsınız. Bu qruplaşmanın adı PKK, PYD, YPG-dir... Onların nə dedikləri bizi maraqlandırmır, ərazidə konkret nə baş verir, ona baxırıq”.
Türkiyə prezidenti onu da vurğulayıb ki, ABŞ öz səhvini anlayacaq: “Narahat olmayın, terror təşkilatına güvənməyin nə qədər yanlış olduğunu görəcəklər. Bu bölgədə Türkiyədən başqa çalışa biləcəkləri başqa müttəfiq tapa bilməyəcəklərini öyrənəcəklər”.
Mənbə:> Virtualaz.org