Ərdoğan həbsdən necə xilas olduğunu açıqladı: “Qəti tapşırdım ki, polis gəlsə içəri buraxmasın...”
Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan ədliyyə orqanlarına sızmış fətullahçıların bir neçə il əvvəl onu həbs etmək cəhdindən danışıb.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan 2011-ci il seçkilərinin ardınca ona və hakimiyyətinə qarşı “bir anda şiddətli hücum dalğası başladığını” deyib. Türkiyə prezidentinin sözlərinə görə həmin vaxt MİT rəhbəri Hakan Fidanın istintaqa çağırılması bu hücumun tərkib hissəsi idi.
“MİT müstəşarının ifadəyə çağırılması...İfadəni verib həbs edilsəydi ardınca hədəfin kim olduğunu lap yaxşı bilirdim. Ona qəti şəkildə ifadə verməyə getməyəcəksən dedim. Yardımçılarını da göndərməməyi tapşırdım. əgər polis səni almaq istəsə təhlükəsizlik xidmətinə təlimat ver, polisi içəri buraxmasınlar dedim. Biz o günün FETÖ ədliyyəsi ilə bu mübarizəni apardıq. Çünki FETÖ bu millətin övladlarını bir-biri ilə vuruşdururdu”-Ərdoğan bildirib.
2011-ci ildə MİT rəhbəri Hakan Fidan AKP hökumətinin “kürd açılımı” çərçivəsində PKK lideri Öcalanla həbsxanada və terror təşkilatının digər liderləri ilə Avropada gizli danışıqların üzə çıxmasına görə istintaqa çağırılmışdı. Ərdoğan əvvəlcə belə danışıqların olduğunu təkzib edib, lakin sonradan bildirib ki, Hakan Fidan onun göstərişi ilə danışıqları aparmışdı. Həmin vaxt baş nazir olan Ərdoğan Fidanı özünün “sirr küpü” adlandırmışdı və bildirmişdi ki, onu heç vaxt təslim etməz.
Mənbə:> Virtualaz.org