Lotu Qulini ruslara belə asan verməzlər
Dekabrın ortalarında Moskvanın Presnya rayon məhkəməsi kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qiyabi həbsi barədə qərar verib və onun barəsində beynəlxalq axtarış elan edib.
Virtualaz.org “Rosbalt”a istinadən xəbər verir ki, bu “qanqsterin Rusiyada misli görünməmiş fəallığı ilə bağlıdır. Fakiti olaraq, o, özünü elə aparır ki, sanki “bir nömrəli qanuni oğrudur” və hər yerdə öz əlaltılarını yerləşdirir”.
Məlum olub ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə İastintaq İdarəsi Azərbaycan vətəndaşlarının oğurlanması və onlardan pul tələb edilməsi ilə əlaqədar bir neçə cinayət işi qaldırıb. 2017-ci ilin yayında istintaq çərçivəsində bir neçə nəfər saxlanılıb. Elə həmin vaxt son dövrlərdə Səlifova çox yaxın olan “qanuni oğru” Rəşad İsmayılova (Rəşad Gəncinski) suallar yaranıb. O vaxtdan bəri Rəşad Rusiyaya gəlmir. İstintaq İdarəsi iş üzrə materialları götürərək bir cinayət işində birləşdirdikdən sonra isə Lotu Quli işin əsas fiquruna çevrilib.
İstintaqın fikrincə, Azərbaycandakı həbsxanada uzunmüddətli həbs müddətini çəkən zaman Səlifov Moskvada insanların oğurlanması və onlardan pul tələb edilməsi barədə göstərişlər verib. Ona Rusiyanın Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə (cinayətkar qruplaşmanın yaradılması) ittihamlar irəli sürülüb.
İstintaqın versiyasına əsasən, Azərbaycanda həbs cəzasını çəkdiyi vaxt, 2015-ci ilin dekabr ayımnda Quli Tolyattidə mərc oyunları biznesini idarə edən Kamal Quluyevin oğurlanmasını təşkil edib və onun azad edilməsi üçün 10 milyon avro tələb olunub. Quluyev “tövbə etmiş”, onu oğurlayan Maqsud Qurbanovla birlikdə qaçmağa müvəffəq olur. Güman edildiyinə görə, Quluyev onu oğurlayan şəxsi pulla ələ alıb. Həmçinin güman olunur ki, Qulinin əmrlərinə əsasən, Moskvada insanlar oğurlanıb və onlara görə pul tələb edilib.
Muxtar Mustafayev
Virtualaz.org üçün Lotu Qulinin Moskvaya ekstradisiyası ehtimalını şərh edən vəkil Muxtar Mustafayev bildirib ki, hələlik beynəlxalq axtarış başlanmayıb və İnterpolun saytında Nadir Səlifovun adına rast gəlinmir. Lakin vəkil hesab edir ki, Rusiya Lotu Qulinin bu ölkəyə gətirilməsi və əyani olaraq məhkəmə qarşısında durması üçün səy göstərməyəcək.
“Əlbəttə, Türkiyə bütün sənədləri ətraflı öyrənmədən və onun Rusiya istintaq orqanları tərəfindən nəyə görə ittiham olunması ilə bağlı təsəvvür yaratmadan N.Səlifovu Rusiyaya verməyə də bilər. Bu proses aylarla sürə bilər. İstisna etmək olmaz ki, Gürcüstan vətəndaşı kimi Səlifovu Tbilisi də tələb edə bilər. Lakin istənilən halda onun Rusiyadakı cinayətkar əməllərini sübuta yetirən dəqiq dəlillər lazımdır. Düşünürəm ki, Səlifovun Rusiyadakı vəkilləri Moskvanın Presnya rayonu məhkəməsinin qərarına etirazlarını bildirəcəklər, elə Türkiyədəki vəkillər də bu məsələ ilə ciddi məşğul olacaqlar. Təkrar edirəm ki, ekstradisiya məsələsi çox mürəkkəbdir və Səlifov belə asanlıqla Rusiyaya verilməyəcək”, - M.Mustafayev deyib.
Mənbə:> Virtualaz.org