İldə yüzlərlə adam ölür, amma heç kim cəza almır... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

İldə yüzlərlə adam ölür, amma heç kim cəza almır...

İldə yüzlərlə adam ölür, amma heç kim cəza almır...

Ötən bazar günü Azərbaycanda dəm qazından daha iki ölüm hadisəsi qeydə alınıb. Masallı rayon sakini, 46 yaşlı Səkinə Hüseynova Bakıda kirayə yaşadığı mənzilin hamamında dəm qazından boğularaq ölüb. Xətai rayonu ərazisində isə 30 yaşlı Şamil Əliyev yaşadığı mənzilin vanna otağında dəm qazının növbəti qurbanına çevrilib.

Bu, Azərbaycanda son illər hər payız-qış mövsümündə geniş yayılmış dəm qazı ölümlərindən yəqin ki, sonuncuları olmayacaq. Hansı ki, bəzi hallarda bu iysiz, rəngsiz bəla bir ailədən bir neçə nəfərin ölümünə yol açır, faciənin miqyası daha da böyümüş olur. Məsələn, bu günlərdə Hacıqabulda 33 yaşlı ana iki azyaşlı uşağı ilə birgə yaşadığı evin hamamında dəm qazından boğulub ölmüşdü.

İnformasiya lentlərində adi, quru xəbər formasında verilən, əslində isə hər birinin arxasında faciə dayanan dəm qazından zəhərlənmə xəbərlərinə tez-tez, az qala hər gün rast gəlirik. Havalar bir az soyuyan kimi dəm qazı sanki amansız ölüm maşınına çevrilir. Hər il yüzlərlə adamın bu bəladan öldüyü məlumdur. Lakin dəm qazından ölənlərin sayına dair illik statistikaya heç yerdə rast gəlmək mümkün deyil. Belə görünür ki, heç kim bu cür statistika hazırlamaq fikrinə düşməyib. Nəticədə dəm qazından ölüm tendensiyasının necə inkişaf etdiyi haqda təhlillər aparmaq da çətindir.

İldə yüzlərlə adam ölür, amma heç kim cəza almır...


Statistika ancaq dəm qazından ölümlə nəticələnməyən zəhərlənmələrə dair aparılır. Çünki belə hallarda söhbət zəhərlənən, ancaq ölümdən dönən və xəstəxanaya çatdırılan insanlardan gedir.

Bir neçə gün əvvəl Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov bildirib ki, bu il ərzində toksikoloji mərkəzə 190 nəfər müraciət edib. Dəm qazı zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərdən yalniz bir nəfərin həyatını xilas etmək mümkün olmayıb: ” Ötən il dəm qazı zəhərlənməsi ilə xəstəxanaya müraciət edənlərin sayı 455 nəfər idi”. Azər Maqsudovun bildirdiyinə görə, bu il dəm qazından zəhərlənmə hallarının nisbətən azalması müşahidə edilir.

Ötən il isə belə halların sayı kifayət qədər çox idi, az qala hər gün dəm qazından ölüm xəbərləri gəlirdi. Məsələn, Virtualaz.org saytı mətbuatda dərc olunmuş materiallar əsasında apardığı araşdırmaya görə, 2016-cı ilin ilk iki ayında 75 nəfər dəm qazından zəhərlənmişdi. Bunlardan 42 nəfəri dünyasını dəyişib.

Qeyd etmək lazımdır ki, dəm qazından zəhərlənmələr ya hamamda quraşdırılmış su qızdırıcılarının (əksər hallarda), ya da mənzillərdə qoyulmuş, tüstü bacası düzgün quraşdırılmamış sobaların ucbatından baş verir. Dəm qazının yaranması səbəbləri barədə vaxtaşırı olaraq mətbuatda yazılıb, rəsmi strukturlar bu barədə izahat, təşviqat işləri aparırlar. Lakin bir məsələ diqqətdən kənarda qalıb: hər il yüzlərlə insan dəm qazından ölürsə bu ölüm hadisələrinə görə hüquqi məsuliyyətə niyə heç kim cəlb edilmir? Axı bir dəfə də olsun belə hala rast gəlinməyib ki, dəm qazından baş verən ölümə görə kimsə cinayət məsuliyyəti daşısın, cəzalandırılsın. Bəyəm dəm qazı təbii fəlakətdir ki, onun nəticəsində baş vermiş insan ölümlərinə görə məsuliyyət daşıyan olmur?

İldə yüzlərlə adam ölür, amma heç kim cəza almır...


Virtualaz.org saytı hüquqşünaslarla bu və digər suallara cavab axtarıb. Vəkil Cavad Cavadov virtualaz.org saytına açıqlamasında bildirib ki, dəm qazından zəhərlənmə baş verdikdə, xüsusən bu, insan ölümü ilə nəticələndikdə prokurorluq orqanları tərəfindən araşdırılmalı aparılmalı və fakt üzrə cinayət işi başlanmalıdır. Bu zaman təyin olunacaq bir sıra ekspertizalarla bərabər dəm qazından zəhərlənmənin baş verdiyi məkanın (bu əsasən qaz qızdırıcılarının yerləşdiyi hamam otaqları olur) tikilməsi və qaz qızdırıcılarının quraşdırılması zamanı tikinti təhlükəsizlik qaydalarına riayət edilib edilməməsi ilə bağlı ekspertiza təyin olunur.

”Qaz qızdırıcıları quraşdırılan zamanı “isitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə” normalarına uyğun olmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 21 avqust 2017-ci il tarixli qərarı ilə həmin qaydalar yenilənib. Həmin qaydalar ciddi tələblər irəli sürür və onlara əməl edilməməsi ağır fəsadlara səbəb olur”-vəkil deyir

Hüquqşünas bildirir ki, daşınmaz əmlakın ilkin layihəsindən kənar rekonstruksiya aparılan zaman həmin qaydalara mütləq riayət edilməli və müvafiq qurumlardan icazə alınmalıdır. Çünki təhlükəsizlik qaydalarının pozulması, insanların həyat və sağlamlığı üçün real təhlükə yaratması cinayət məsuliyyətinə gətirib çıxarır.

İldə yüzlərlə adam ölür, amma heç kim cəza almır...


Dəm qazı zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanır. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin edilir, istintaq tədbirləri aparılır.

Baş prokurorluğun mətbuat xidmətindən virtualaz.org saytına bildirilib ki, istintaq zamanı vəzifəli şəxsin işinə vicdansız və laqeyd münasibət göstərməsi əməlləri sübuta yetirilərsə həmin şəxsə Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla məhkəmə məsuliyyətinə verilir. Eyni zamanda digər vəzifəli şəxslərin barəsində gələcəkdə baş verə biləcək qanun pozuntularının təkrarlanması və ya aradan qaldırılması ilə bağlı aidiyyatı qurumlara təqdimat göndərilir.

Bəs günahkar vəzifəli şəxs deyil, mənzilin hamam otağında su qızdırıcısını quraşdıran ev sahibi özü və ya ustadırsa? Bəyəm belə səhlənkarlıq nəticəsində ev sahibinin ailə üzvü ölürsə bu, ev sahibinin məsuliyyətdən kənarda qalmasına əsas vermirmi? Bu ki, hüquqi nonsensdir. Çünki dəm qazı təbii fəlakət olmayıb dolayısı ilə insan fəaliyyəti nəticəsində meydana çıxır. Deməli bu iysiz, rəngsiz zəhərin yaranmasına və insan ölümünə səbəb olmasına görə məsuliyyət daşıyan da hökmən olmalıdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *