Xaqan Nəbili, Svetlana Şahramanyan və digərlərinin işi... ABŞ PROKURORLUĞUNUN BƏYANATI
ABŞ-ın Florida ştatının Orlando şəhərində prokurorluq Brevard qraflığının iki sakininin və keçmiş sovet respublikalarından olan 5 digər şəxsin işi üzrə ittiham aktını elan edib. Prokurorluğun yaydığı bəyanata əsasən həmin şəxslər mütəşəkkil qruplaşma çərçivəsində hərəkət edərək 2015-2016-cı illərdə ABŞ vətəndaşları ilə saxta evlilik yolu ilə 100-dən çox miqrantın ölkəyə daxil olmasına imkan yaradıblar. Virtualaz.org xəbər verir ki, qruplaşmanın tərkibində Azərbaycan vətəndaşı, 24 yaşlı Xaqan Müşfiq oğlu Nəbili və Svetlana Şahramanyan adlı erməni də var.
Bu qruplaşmanın əməllərinin üstü bir neçə federal agentliyin birgə keçirdiyi əməliyyatla açılıb. ABŞ prokuroru Stiven Maldrou fırıldaqçılara qarşı rəsmi ittiham aktını elan edib. Qrup üzvlərinin hər birini beş ilə qədər həbs gözləyir. Bundan əvvəl iş üzrə ittiham olunanlardan 40 yaşlı rusiyalı Denis Yakovlev və 28 yaşlı amerikalı Megan Tul özlərini təqsirli biliblər.
Məhkəmə sənədlərinə əsasən 2015-ci ilin oktyabrında ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin immiqrasiya və gömrük nəzarəti xidməti Brevard qraflığının hüquq-mühafizə orqanlarına Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər keçmiş sovet respublikalarından olan çoxsaylı miqrantın bu qraflıqda ABŞ vətəndaşları ilə evlənməsi faktlarını araşdırmağı tapşırıb. Bu araşdırma 2016-cı ildə Yakovlev və Tulun həbsi ilə nəticələnib. Yakovlev etiraf edib ki, 18 ay ərzində təxminən 100 nəfər arasında saxta evlilik rəsmiləşdirib və nəticədə onların miqrantlar üçün nəzərdə tutulmuş vəsaiti almasına imkan yaradıb. Amerika vətəndaşlarını bu saxta evliliyə razı salmaq üçün onlara 10-20 min dollar ödənilib.
“Bu cinayətkarlar bizim ölkəmizin immiqrasiya qanunlarından yan keçmək və ondan öz şəxsi mənfəətləri üçün istifadə etmək üçün əlbir olublar”-Daxili Təhlükəsizlik Nazirliyinin xüsusi agenti Ceyms Spero bildirib.
Bu iş üzrə ötən ay Nəbili və Mariya Roqaçeva adlı qadın saxlanılıblar. Onlar özlərini təqsirli biliblər. Şahramanyan və daha iki nəfər isə ötən ilin oktyabrında həbs olunmuşdu. Onların barələrində məhkəmə prosesi 2018-ci il yanvarın 2-nə təyin edilib.
Mənbə:> Virtualaz.org