Heydər Əliyev verdi, Zərdabın icra başçısı əlindən aldı
Nizaməddin İslamovun 85-ə yaxın yaşı var, amma hələ də gümrahdır. Ucar rayonunun Yuxarı Şixlar kəndinin bu sakinini hamı tanıyır: yaşlılar da, uşaqlar da. Və yalnız ağsaqqal kimi yox, həm də zəhmətkeş, ehtiyacı olanlardan köməyini və pulunu heç vaxt əsirgəməyən yaxşı insan kimi. O, rayonda çoxlarına kömək edib və insanlar bunu qiymətləndirirlər. Və N.İslamovun insani keyfiyyətlərinə təkcə rayonda yox, onun hüdudlarından kənarda da dəyər verirlər.
Və bu gün Nizaməddin İslamov qaynar 90-cı illərin əvvəllərində Azərbaycan prezidenti Heydər Əliyevin onu gözlənilmədən öz yanına dəvət etdiyi o günü qürurla xatırlayır. Azərbaycanın onda hansı vəziyyətdə olduğunu xatırlatmağa ehtiyac yoxdur. Elə görünə bilərdi ki, dövlət başçısının adi fermerlə kabinetdə uzun-uzadı söhbət etməsinin və onunla çay içməsinin vaxtı deyildi. Və ümummilli lider özü də vaxtını hədər yerə sərf etməyi xoşlamırdı. Deməli, belə görüş üçün onun əsası vardı.
Bəli, Heydər Əliyev ona görə ümummilli lider oldu ki, öz ölkəsinin hər bir vətəndaşına qayğı göstərə, hər hərəkətin doğru və əsl qiymətini verə bilirdi. O, xalqın hörmətini məhz bununla qazanmışdı. Prezident haradansa öyrənmişdi ki, Nizaməddin İslamov Qarabağ müharibəsi illərində əsl qəhrəmanlıq göstərib. Artıq cavan olmayan bu insan hərbi mütəxəssislərin çağırışı üzrə Sərsəng su anbarının dambasının bərkidilməsi üçün öz traktoru ilə birlikdə təcili Ağdərəyə (Mardakert) göndərilmişdi. Təxminən iki ay yarım ərzində hərbçilərin ciddi mühafizəsi altında Nizaməddin İslamov səhər tezdən gecəyə qədər işləyir, bəndin ona həvalə olunmuş sahəsini daha möhkəm bərkitməyə çalışırdı. Hamı bu işin strateji əhəmiyyətini anlayırdı və bu mənada erməni təcavüzkarları da istisna təşkil etmirdilər.
Ucar fermerinin tək traktoru artıq tələb olunan işin həcmini qurtarmaq üzrə idi. Amma o başladığı işi sona çatdıra bilmədi – düşmən mərmisi onun traktorunu partlatdı, onun detallarını bir neçə metr radiusda ətrafa səpələdi. Traktorçu özü də ciddi xəsarətlər aldı və uzun müddət müalicə olunmaq məcburiyyətində qaldı.
Bunu heç ucarlıların çoxu bilmirdi, amma Heydər Əliyev bildi. Və o vaxtlara görə həqiqətən də kifayət qədər yüksək qiymətləndirdi. Yaşlı insana çox şeymi lazımdı? Heydər Əliyev Qafqaz Müsəlmanları İdarəsinin başçısı Hacı Allahşükür Paşazadəyə tapşırdı ki, onu Həccə yola düşən zəvvarların birinci qrupuna daxil etsin. Beləliklə, Nizaməddin kişi özü də gözləmədən Hacı Nizaməddin oldu. Baxmayaraq ki, ürəyində çoxdan müqəddəs yerlərə baş çəkmək, müsəlmanlar üçün vacib olan mərasimin ayinlərini icra etmək arzusu vardı. Fermerin ikinci istəyi də həyata keçdi – Prezident yeni fermer təsərrüfatına uzunmüddətli icarəyə 100 hektar torpaq sahəsinin ayrılması barədə şəxsən göstəriş verdi. Yeri gəlmişkən, bu təsərrüfatın adını da dövlət başçısı öz əli ilə yazdı – "İslam – Ğarabağ əlili kəndli fermer təssərüfatı".
Və mürəkkəb icra mexanizmləri işə düşdü. Şeyxulislam Prezidentə verdiyi sözə əməl etdi, fermer tezliklə həqiqətən hörmətli hacıların sırasına qoşuldu. Torpaq sahəsinə gəlincə, məmurlar onu da ayırdılar, amma çox yarısını kəsməklə. Yəni ona cəmi 40 hektar torpaq sahəsi ayrıldı, özü də qonşu Zərdab rayonunun ərazisində.
Nizaməddin kişi sadə kəndlidir və öz işini indiyədək müxtəlif kağızlara o qədər də əhəmiyyət vermədən həqiqi sözə görə qurur. O, qalan 60 hektar haqqında soruşmaq istəyib, amma ona susmağı məsləhət görüblər. O yalnız sonralar bilib ki, yerli hakimiyyət bu torpaq sahəsini sadəcə olaraq başqalarına satıb. Cəzasız qalaraq, əməlini dövlət başçısının sərəncamı ilə pərdələyərək satıb. Amma gec idi və o susdu...
Bizim məmurumuz isə fermerə qalmış bu sahəyə göz dikməsəydi, məmur olmazdı – mütəxəssislər 40 hektar məhsuldar və suvarılan torpağın qiymətini yaxşı bilirlər. 33 nəvə, 24 nəticə böyüdüb tərbiyə edən 84 yaşlı ağsaqqalın torpağı onlara dinclik vermirdi. Rayonda bu qədər hörməti olan şəxsin Heydər Əliyev tərəfindən bağışlanan torpağını necə mənimsəmək olar? Bunun üçün çox ciddi səbəb lazımdır. Yerli hökumət nümayəndələrinin fikrincə, o məqam keçən il Sabirabadda prezident İlham Əliyevin keçirdiyi müşavirədə pambıqçılığın faydaları və bu məhsulun becərilməsi üçün daha çox sahənin ayrılmasına çağırışla bağlı çıxışından sonra gəldi. Sanki yerli məmurlar elə bunu gözləyirdilər.
N. İslamovun virtualaz.org-a danışdığı kimi, Zərdab rayonunun icra başçısı Lütfəli Babayev onun həmişə əkdiyi 40 hektar torpağı əlindən alıb. L.Babayev ona birbaşa belə deyib: "Heydər Əliyev sənə torpaq verdi, mən isə alıram. Burada aqropark yaradılır".
Bəlkə də, qanunlardan başı çıxmayan Nizaməddin kişi qonşuluqdakı fermerlərin heç birinin sahələrinə indiyə qədər toxunulmadığını görməsəydi, ona etiraz etməzdi. Daha əvvəl aldığı subsidiyanı da elə bu cür anlaşılmaz şəkildə dayandırmışdılar. Baxmayaraq ki, o maddi yardım hökumət tərəfindən yerli icra hakimiyyətinə ayrılır və bütün fermerlər də onu vaxtı-vaxtında alırlar. Və burada tərs kimi, “Aqrolizinq" də ondan traktor üçün təxminən 8 min manat ödənilməmiş borcu tələb etməyə başladı.
Lütfəli Babayev Nizaməddin İslamovu beləcə traktordan da məhrum edir. Halbuki 25 il əvvəl Nizaməddin kişi Vətən üçün təkcə öz traktorunu deyil, həm də həyatını əsirgəməmişdi. Maraqlıdır, görəsən icra başçısı bu haqda düşünübmü? Nəhayət, o düşündümü ki, şəxsi traktoru partladılan və buna görə az qala həyatını itirmək təhlükəsilə üzləşən fermerə Heydər Əliyev tərəfindən məhz təmənnasız igidliyinə görə hədiyyə olunan torpağı onun əlindən almaq nə qədər etik hərəkətdir? Əslində fermerə kömək etmək lazımdır. Ən azı ona görə ki, dağılması böyük fəlakətlərə səbəb ola biləcək Sərsəng su anbarının qarşısına bənd məhz olun fədakarlığı sayəsində çəkilib. Və bu səbəbdən təkcə Lütfəli müəllim yox, bütün Azərbaycan xalqı bu insana minnətdar olmalıdır…
Mənbə:> virtualaz.org