İcra başçısından şikayət edən sahibkarın ərizəsi icra başçısının özünə göndərilib
Gədəbəydə sahibkar Fəxrəddin Bağırovun başına gətirilənlər barədə bir neçə gün öncə ətraflı bəhs etmişdik. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı sahibkarlıq fəaliyyəti üçün rayonda hər cür şəraitin mövcud olduğunu desə də, iş adamının söylədikləri bunun tam əksini sübut edirdi.
Sahibkar Fəxrəddin Bağırovun mağazasının bağlanmasına gətirib çıxaran səbəblərdən biri kimi ticarət obyektinin yaxınlığından qaz kəmərinin keçdiyi bildirilir. İH başçısının sözlərinə görə, vəziyyətlə “Azəriqaz” və FHN məşğul olur və bu iki qurum yekun nəticəyə gəlməlidirlər.
Virtualaz.org vəziyyəti aydınlaşdırmaq üçün “Azəriqaz” İB-yə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev müxbirimizə deyib: “Əgər hər şey icra başçısının dediyi kimidirsə, ilk növbədə ərazidən qaz kəmərinin keçməsi barədə sahibkarın özü məlumatlandırılmalıdır. Bundan sonra sahibkar bizə müraciət etməlidir ki, mütəxəssislərimiz vəziyyəti öyrənib, ona problemin həlli yollarını izah etsinlər”.
FHN-də də vəziyyətə bir qədər fərqli yanaşma ilə rastlaşdıq. “Fərdi mülkiyyətin yenidən qurulması Fövqəladə Hallar Nazirliyi ilə deyil, İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır”, - bunu əməkdaşımıza FHN-in Tikintidə təhlükəsizliyə nəzarət üzrə agentliyinin hüquq şöbəsinin müdiri Zemfira Rzayeva bildirib. Onun sözlərinə görə, əgər sahibkar evin yenidən qurulması üzrə işləri həyata keçirmək istəyirsə, icra hakimiyyətinə görüləcək işlərin layihəsini təqdm etməlidir. “Əgər layihə təsdiq olunarsa, İH 3 gün ərzində FHN-i bu barədə məlumatlandırmalıdır ki, nazirliyin əməkdaşları tikini işlərinin gedişinə nəzarəti həyata keçirsinlər”, - Z.Rzayeva deyib.
Sahibkar F.Bağırovun sözlərinə görə, Gədəbəy Rayon İH ona mağazanın yaxınlığından qaz kəmərinin keçməsi və bunun təhlükəli olması barədə heç bir məlumat verməyib. Yeri gəlmişkən. iş adamı binanın yenidən qurulması barədə də heç zaman düşünməyib.
Əvəzində, yerli hakimiyyətin onun başına gətirdikləri barədə F.Bağırov Ombudsman aparatına məlumat verib, lakin sahibkarın sözlərinə görə, buna heç bir reaksiya olmayıb. Ombudsmen aparatında sahibkarın onlara müraciət etməsi faktını təkzib etmədilər.
“F.Bağırov bizə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının hərəkətlərindən şikayət edib. Bununla əlaqədar olaraq, biz Gədəbəy RİH-ə sorğu göndərmişik. Cavab Ombudsmenə təqdim ediləcək”, - bunu müxbirimizə Ombudsman aparatının informasiya şöbəsinin müdiri Nəcəf Tağıyev deyib.
“Deməli, siz Fəxrəddin Bağırovun şikayət etdiyi adam barəsində sorğunu həmin adamın özünə göndərmisiniz?” - əməkdaşımızın səmimi təəccübünə məmur belə cavab verib ki, prosedur qayda bunu tələb edir.
“Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə yerli icra hakimiyyəti orqanları rəhbərlərindən tələb edib ki, sahibkarların problemlərinə diqqətlə yanaşsınlar. Gədəbəy RİH başçısı Ramiz Yediyarovun hərəkətlərini dövlət başçısının siyasətinə hörmətsizlik kimi qiymətləndirirəm”, - hüquq müdafiəçisi Murad Sədrəddinov yaranmış vəziyyətə münasibətini belə bildirib.
Mənbə:> virtualaz.org