Əliyevin köhnə qvardiyanı təmizləmək üçün seçkidə “B” planı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Əliyevin köhnə qvardiyanı təmizləmək üçün seçkidə “B” planı

Əliyevin köhnə qvardiyanı təmizləmək üçün seçkidə “B” planı

Azərbaycanda gələn ilki prezident seçkiləri istisnadır ki, hakim partiyanın namizədinin kim olacağı konkretləşməyib. Ötən illər ərzində birmənalı olaraq iqtidar partiyasının namizədi İlham Əliyev olub.

Anaxeber.Az yazır ki, 2018 seçkilərinə yanvardan hazırlaşmağı planlaşdıran YAP isə namizədini elan etməyib. Bu günə qədər müxalifətin vahid namizəd problemi olurdusa, estafet iqtidara keçib.
Lakin proseslərin gedişini problem kimi qiymətləndirmək olmaz. Sadəcə, ənənəvi qvardiya süqut ərəfəsində son akkordlarını vurmaqla növbəti seçkilərdə də öz gücünü saxlamağa çalışır.
Buna baxmayaraq, seçki ili yaxınlaşdıqca saraydaxili məsələlər qətiləşməyə doğru getməkdədir.
Hadisələrin inkişaf trayektoriyası hakim partiyanın seçkilərdə namizədinin I vitse-prezident Mehriban Əliyeva olacağını deməyə əsas yaradır.
Brüssel sammiti bu xüsusatda qırmızı xətlə altından çiziləcək hadisəydi. Nədən ki, Qərbyönümlü siyasi strategiya götürən yeni komandanın islahatçı görkəmi Avropa ilə əməkdaşlığı genişləndirir.
M.Əliyevanın islahatçı olmasını isə Qərb təsisatları referendumdan sonra I vitse-prezident təyin olunarkən bəyan etmişdilər.
Hətta ABŞ Dövlət Departamenti də bu təyinat barəsində mənfi bir şərh verməmişdi. Ona görə də Qərbin razılığını almaqla məsələlər həllini tapmış sayılacaq.
Odur ki, Brüssel sammiti çox mühüm addım idi. Bakı Avropa ilə işləməyə üstünlük verdiyini nümayiş etdirdi.

***
Anaxeber.Az yazır ki, hakimiyyət daxilində bəzi qüvvələr gözləmə mövqeyindədirlər. Onlar maliyyə resursları olan, amma vəzifəyə getməyə tələsməyən dairələrdir.
Bu zümrə 2018-in necə yekunlaşacağını gözləməkdədir və əbəs yerə indiki qeyri-müəyyənlikdə özlərini yandırmaq istəmirlər.
Seçkilərdən sonra daşlar yerən oturanda həmin maliyyə qrupları meydana çıxaraq ambisiyaları olan postlara sahiblənmək üçün mübarizə aparacaqlar.
İndiki halda icra hakimiyyəti strukturlarında, nazirliklərdə vəzifəyə yiyələnmək lazımsızdır.
Həmçinin, parlament seçkilərində iştirak formatına da hansı siyasi klanın qalib çıxmasından sonra baxılacaq.
Hakim düşərgədə bəzi qruplar belə hesab edirlər ki, Yeni Azərbaycan Partiyasının imkanları məhdudlaşdırılıb və mərkəzi icra aparatının rolu çox böyüdülüb.
Bu da YAP-ın seçkilərdə iştirak azadlığını buxovlayıb və bütün təlimatlar PA-dan gəlir. Ona görə də növbəti seçkidə PA məmurlarının təsir imkanları azaldılacaq.
Artıq Naxçıvan və Qərbi azərbaycanlılar qruplaşmasının zəiflədilməsi fonunda hakim partiyanın gücü daha aydın şəkildə görünəcək. Bu məsələdə yeganə sabit və hər iki variantda mövqeyi sağlam, sarsılmaz qalan kürd klanıdır.
İqtidardakı bu siyasi gücün təməlləri möhkəmdir və yeni siyasi qruplaşma da onlarla əməkdaşlıqda problem görmürlər.
Deməli, komandada Naxçıvan klanı gələn seçkidə zəif təsir bağışlayacaq. YAP-ın seçkilərdə fəaliyyət sərbəstliyi də məhz bundan sonra açıq şəkildə hiss olunacaq.
***

Anaxeber.Az yazır ki, Qərb M.Əliyevanın prezidentliyə namizədliyinə pozitiv və perspektivli yanaşır.
Avropanın və ABŞ-ın siyasi kluarlarında birinci xanımın namizədliyinin irəli sürməsi ilə yeni dönəmin, islahatların başlanacağı gözləntisi var.
Bu, hazırkı prezident İlham Əliyevin siyasətdən və vəzifədən gedəcəyi anlamına gəlmir.
Əksinə, onun siyasi nüfuzu və qüdrəti hakimiyyətin idarə olunmasında fərqli formatda öz əksini tapacaq. Əvvəla, bəzi siyasi qrupların təzyiq etmək imkanları məhdudlaşacaq.

Yəni, bu günə kimi İ.Əliyevin qarşısına hansısa şəkildə siyasi şantajlarla çıxanlar, onun Qərbyönümlü siyasətini tormozlamaq istəyənlər, ruspərəst “5-ci kolon”a bağlı olan məmurlar M.Əliyevanın prezidentliyi dövründə analoji siyasəti yürüdə bilməyəcəklər.
Onlar İ.Əliyevdən də nələrisə uma bilmək imkanlarından məhrum olacaqlar. Və bu siyasi sistemin içində hazırkı prezident öz reformalarını M.Əliyevanın rəhbərliyi fonunda daha sərbəst şəkildə reallaşdıracaq, sosial-iqtisadi islahatları, kadr və struktur dəyişikliklərini həyata keçirəcək, korrupsiyaya, monopoliyaya qarşı daha sərt mübarizə metodlarını işə salacaq.
Həmin güclər isə artıq iqtidar daxilində heç bir qarışıqlıq və gərginlik yarada bilməyəcəklər. Bununla da mərhələli proqram dövlətin, xalqın və ölkənin həyatında mühüm dəyişikliklərə gətirib çıxaracaq.
Azərbaycanın ilk qadın prezidenti 7 illik bir dönəmdə həm real islahatlar aparacaq, həm ənənəvi qvardiya, “qocalar evi” yola salınacaq.
Zəruri qeyd: Əlbəttə, hadisələrin əsas baxış bucaqlarından biri Rusiyadır. Ən əsası da Mehdiyevin Moskvaya səfərindən az sonra Putinin Bakıdakı rus səfiri Doroxini geri çağırması maraq doğurur.
Amma onu da demək yerinə düşər ki, seçkilərdə iştirak haqda qərar vermədiyini İ.Əliyev məhz Rusiyanın “Sputnik” agentliyinə bildirib.
I vitse-prezident təyin olunduqdan sonra ilk müsahibəni isə M.Əliyeva Rusiyanın “Rossiya-1” kanalına verib.
Bütün bu detallar incəliyinə qədər ciddi siyasi ssenarilərdir və Kremlin Əliyevlərlə bağlı hansısa narazılığı olduğunu düşünmək olmaz. Bu isə o anlama gəlmir ki, 2018 seçkiləri su içmək qədər asan keçəcək...

Mənbə: Anaxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *