Prezident İlham Əliyev Ramiz Mehdiyevsiz eraya başladı - köhnə klana “Domokl qılıncı”... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Prezident İlham Əliyev Ramiz Mehdiyevsiz eraya başladı - köhnə klana “Domokl qılıncı”...

Prezident İlham Əliyev Ramiz Mehdiyevsiz eraya başladı - köhnə klana “Domokl qılıncı”...

Ölkə başçısı Prezident Administrasiyası rəhbərinin müavinləri və dövlət müşavirliyi vəzifələrinin ləğvi haqda qanun layihəsini təsdiqlədi.

AnaXeber.Az-ın Siyasət Şöbəsi yazır ki, dövlət başçısının “Dövlət qulluğu haqqında” qanuna etdiyi dəyişiklik qarşıdakı böyük siyasi eranın başlanmasının təməliydi.
Seçkiqabağı edilən dəyişiklik PA rəhbəri Ramiz Mehdiyevin müavinsiz saxlanması və vitse-prezidentlik institutunun funksionallığının gücləndirilməsi idi.
Prezident ənənəvi siyasi klanı radikal şəkildə verilən qərarlar və istefalarla zəiflətmək mexanizmini seçməyib. O, qanuna dəyişikliklər etməklə komandanı yeniləmək strategiyası yürüdür.

Prezident Administrasiyası rəhbərinin müavinləri və dövlət müşavirliyi vəzifələrinin ləğvi də məhz struktur islahatlarından daha çox, siyasi sirr pərdəsi olan layihədir.
Hətta R.Mehdiyev siyasi erasının finalına möhür vuran qanun layihəsi də adlandırmaq olar. Təhlillər belə deməyə əsas yaradır ki, Naxçıvan qruplaşması üçün çox ağır mərhələ başlanıb.
Bu komanda seçkiqabağı qarşılaşdığı sürprizlərə adekvat cavablar verə bilmir: ya prosesin sükutla və ağrısız keçilməsi razılaşdırılıb, ya da həngamə və saraydaxili çəkişmələrin ən ağır raundu qabaqdadır.
***
Sirakuz hökmdarı kral Dionisin hakimiyyəti dövründə əks fikirlər paylaşan Domokla böyük dərs verilir.
Hakimiyyətin, kral olmağın bəsit bir iş olduğunu iddia edən Domokl Dionis tərəfindən ziyafətə dəvət olunur.
Ziyafət Domoklın xəyallarında yer alan qədər dəbdəbəli imiş. O, öz aləmində ikən birdən gözü tavandan at tükündən asılmış qılınca sataşır.
Domokl vahiməylə geri çəkilir ki, istənilən an tük qırılsa və bu qılınc hansı başa düşsə, iki parça olar.
Əslində hökmdar bu əsilzadəyə ibrət dərsi verib, hakimiyyətin, liderliyin nə qədər çətin olduğunu başa salmaq istəyib.

Əsrlər fərqi olsa da, siyasi mənzərə kifayət qədər oxşardır: ənənəvi klanın başı üzərində “Domokl qılıncı” var və yeni qruplaşma təhlükənin gücünü nümayiş etdirir.
Ona görə də qanun layihəsinin təsdiqlənməsi hakim komanda içərisində köhnə qvardiyanın süqutunun həlledici mərhələsiydi.
Gələn ilki seçkilər üçün Bakı qruplaşmasının qarşısında böyük bir səhifə açıldı. Hətta I vitse-prezidentin prezidentliyə namizədliyi ehtimalı gücləndi.
Hərgah, bəzi iqtidar deputatları bu versiyanı qəti şəkildə təkzib edirlər. Amma onların hansı siyasi mətbəxdə hazırlanmış ssenariləri və mesajları ictimaiyyətə çatdırmaq istədiyi iki vur ikidir. Sadəcə, vurnuxmalar və çabalamalar hiss olunmaqdadır ki, bu da əbəsdir.
***

AnaXeber.Az-ın Siyasət Şöbəsi yazır ki, köhnə qvardiya fəallarının aktivləşməsi, naxçıvanlı köhnə siyasət adamlarının seçkilərdə iştirak qərarı müəyyən şübhələrə yol açır.
Azərbaycan siyasi və biznes elitasında 10 il öncəyədək Naxçıvan və Qərbi Azərbaycan qruplaşmaları üstün mövqeyə sahib olub.
Ancaq 2003-cü ilin prezident seçkisindən sonra Qərbi Azərbaycan qruplaşmasının hakimiyyətdə mövqeyi tədricən azalmağa başladı.
Bu gün regional klanlar arasında ölkənin maddi resurslarının yenidən bölüşdürülməsinin əsas mübarizəsi ölkənin təbii resurslarının yarıdan çoxuna nəzarət edən Naxçıvan klanı ilə Bakı-Şirvan klanı arasındadır.
Bakı-Şirvan klanı kəmiyyət baxımından siyasi elitada üstünlük əldə etsə də, resurslara nəzarət paketi hələ də Naxçıvan klanın əlindədir.
Dövlət büdcəsinin 70, ixracın 93, sənayenin isə 80 faizini təmin edən neft sektoru, əsas iqtisadi strukturlar Naxçıvan klanının nəzarətindədir.
Son vaxtlara qədər yazılmamış bir qanun var idi, Naxçıvan əsilli məmur işdən çıxarılırdısa, onun yerini mütləq həmyerlisi tutmalıydı.
İndi bu “qanun” qüvvədən düşmüş sayılır. Bakı-Şirvan qrupu onların mövqelərinə ortaq olmaq, növbəti mərhələdə isə üstün mövqeyə çıxmaq niyyətindədir.
***
Hakimiyyətdə müxtəlif klanları, bölgələri təmsil edən bir sıra məmurlar qarşıdakı seçkilərlə bağlı çaşqınlıq içərisindədir.
Onların nə baş verəcəyi, hakimiyyət dəyişikliyi, indiki prezidentin qalacağı, yaxud estafetin ikinci namizədə veriləcəyi təqdirdə hansı addımları atacaqları, hansı mövqedə olacaqları ilə bağlı konkret qərarları və proseslər barədə tam bilgiləri yoxdur.
Daha çox narahatlıq “Naxçıvan kalanı” kimi tanınan qruplaşmanı təmsil edən məmurlar arasındadır.

Son illərdə bu klanın sıxışdırılması və zəiflədilməsi istiqamətində gedən proseslər Naxçıvan qruplaşmasında belə bir qənaət yaradıb ki, istər İlham Əliyevin növbəti dəfə prezident olması, istərsə də ehtiyat variant kimi Bakı-Şirvan klanıın nümayəndəsinin bu posta gətiriləcəyi təqdirdə onlara qarşı münasibət daha da sərtləşəcək və qısa müddətdə tamamən hakim komandadan sıxışdırılıb çıxarılacaqlar.
Buna görə də ciddi narahatlıq içindədirlər və gələcəklərini qarantiyalamaq üçün müxtəlif yollar axtarır, müəyyən addımlar atırlar.
Belə bir şəraitdə xaricdən real dəstək olsa, müxalifətin qısa müddət ərzində cəmiyyəti fəallaşdıraraq ciddi işlər görə biləcəyi ehtimalını “Naxçıvan klanı” da daxil, hakimiyyətdəki ayrı-ayrı qruplaşmalar da nəzərə alırlar.
O nöqteyi-nəzərdən müxalifətdəki emissarları hesabına seçki ilində ənənəvi qvardiyanın ölkədə əzələ nümayişi və Əliyevə təzyiqi istisna edilmir.
Üstəlik, bunun əlamətləri var. Mehdiyevə yaxın deputatlar parlamentdə hökuməti sərt tənqid edir, müxalifət liderlərindən daha açıq fikirlər səsləndirirlər.
Onların adlarını çəkməyə ehtiyac yoxdur və saytların başlıqlarında göz deşirlər. Yəni, əks-hücumlar başlamaqdadır və elə günü sabahdan daha ciddi proseslərə şahidlik edəcəyik...

Mənbə: Anaxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *