İran Prezidenti İlham Əliyevə dollardan imtina təklif etdi – YENİLƏNİB
Tehran Bakıya qarşılıqlı ticarət vaxtı hesablaşmalarda milli valyutalardan istifadə etməyi təklif edir.
Virtualaz.org İran dövlət başçısının rəsmi saytına istinadən bildirir ki, bunu Tehranda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Prezident Həsən Ruhani deyib.
"İki ölkə iqtisadi-ticarət münasibətlərindəki hesablaşmalarında öz milli valyutalarından istifadə edə bilərlər", - deyə H.Ruhani bildirib.
İran prezidenti vurğulayıb ki, iqtisadi əlaqələrin müvəffəqiyyətli inkişafı birbaşa bank sferasındakı xeyirxah münasibətlərdən asılıdır.
İran lideri, həmçinin iqtisadi əməkdaşlıq üzrə birgə Azərbaycan-İran Hökümətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinə ehtiyac olduğunu bildirib.
* * *16:32
Bu gün Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.
Virtualaz.org-un məlumatına görə, görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib.
Son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirilib, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verib. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olunub, regional məsələlərə toxunulub, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə bilər.
Görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, ticarət dövriyyəsinin keçən il 70 faiz, bu ilin 9 ayında isə 33 faiz artması yüksək qiymətləndirilib. Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulanıb.
***13:35
Tehranda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü olub.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mənbə:> virtualaz.org