İlham Əliyev: “Bəziləri Bakı-Tbilisi-Qars layihəsinin reallaşacağına inanmırdılar” – YENİLƏNİB
"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibəti ilə sizi təbrik edirəm. Bu təntənəli mərasimə qardaş, dost ölkələrdən qonaqlar gəlib. Burada Türkiyə prezidenti, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri, Tacikistan və Qırğızıstandan nümayəndələr iştirak edir. Bunun özü layihənin əhəmiyyətini təsdiqləyir".
APA-nın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, bu, tarixi, strateji əhəmiyyətli layihədir: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. İlk mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon ton yükün daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yol sabitliyə, təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı sərmayə artacaq, turizm inkişaf edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq. Bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını etmişik. Bu kəmər Xəzər dənizini Aralıq dənizini birləşdirən infrastruktur layihəsidir. Bu neftlə Xəzərin şərq hissəsindən də neft ixrac edilir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də 3 ölkənin əməkdaşlığı nəticəsində inşa olunub və 10 ildir, uğurla fəaliyyət göstərir. Bu üç ölkə elektrik xətlərini də birləşdirib".
Dövlət başçısı qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan, Türkiyə və Gürcüstanın dostluğunun, qardaşlığının nəticəsidir: "Bu ölkələr bölgə və dünya üçün əhəmiyyətli layihələr ərsəyə gətirir. Hazırda Cənub Qaz Dəhlizi uğurla icra olunur. TAP layihəsinin icrası 60 faizə yaxındır. Əvvəllər neft-qaz sahəsində layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu barədə ancaq danışa bilərdik".
Azərbaycan Prezidenti onu da bildirib ki, bəziləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatacağına inanmırdılar. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihəni uğurla reallaşdırdı.
O bildirib ki, layihəyə Orta Asiya ölkələri böyük maraq göstərir: “Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir”.
Dövlət başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi də böyük önəm daşıyır: “Azərbaycan bu istiqamətdə dəmir yolu şəbəkəsini yaradıb, digər ölkələrdə də bu istiqamətdə dəmir yolunun çəkilməsinə sərmayə qoyur. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji-nəqliyyat dəhlizləri istifadəyə veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolundan Çin, Qazaxıstan, digər Orta Asiya ölkələri, Avropa ölkələri istifadə edəcək. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistandan başlayaraq Rusiyaya qədər ölkələri birləşdirəcək”.
Prezident nəzərə çatdırıb ki, 2004-cü ildən indiyə qədər Azərbaycanda 11 min km yol tikilib, 6 aeroport istifadəyə verilib: “Azərbaycanın 20-yə qədər iri yük təyyarəsi var. Azərbaycanın Xəzərdə 270 gəmidən ibarət böyük donanması var. Azərbaycanda bir neçə il əvvəl böyük gəmiqayırma zavodu tikilib. Gələcəkdə Xəzərdə yük həcminin artması ilə zavod daha böyük sürətlə çalışacaq. Ələt dəniz limanının birinci fazası gələn il istifadəyə veriləcək. 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci fazanın istifadəyə verilməsi ilə yük ötürmə 25 milyon tona çatacaq”.
İ. Əliyevin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu qlobal layihədir: “Bu yoldan biz böyük vəsait əldə edəcəyik. Bir daha deyirəm ki, bu layihənin həyata keçirilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyi ilə başa gəlib. Biz heç yerdən kredit, yardım almadıq. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yolu həmişə açıq olacaq”.
* * *14:37
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim başlayıb.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev və Özbəkistan baş naziri Abdulla Aripov iştirak edirlər.
Xatırladaq ki, Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.
Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.
Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.
* * *13:25
Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Bakıtjan Saqintayevi hava limanında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə və digər rəsmi şəxslər qarşıladılar.
* * *13:19
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
* * *13:00
“Ermənistan nəqliyyat izolyasiyası şəraitindədir və Dağlıq Qarabağ ətrafında münaqişənin davam etməsi şərti daxilində dəmiryol marşrutlarının şaxələndirilməsi Azərbaycan üçün strateji vəzifə idi. Bunun əsasında Ermənistandan yan ötməklə Türkiyəyə çıxış dayanır. Ona görə də Ermənistan üçün Bakı-Tiflis-Qars dəmir yolu sərfəli deyil: bu, həmin ölkənin nəqliyyat təcridini gücləndirir, daha doğrusu burası dəqiqdir ki, həmin izolyasiyanın aradan qaldırılmasına heç cür kömək etmir”.
Virtualaz.org xəbər verir ki, bu fikirləri Qazaxıstan prezidenti yanında dünya siyasəti və iqtisadiyyatı İnstitutunun Almata ofisinin rəhbəri Askar Nurşa “Sputnik Qazaxıstan” agentliyinə müsahibəsində ifadə edib.
Ekspertə görə bu layihədən heç İranın da xoşu gəlmir. Çünki İran Cənubi Qafqazda türk amilinin güclənməsini istəməzdi. Habelə ehtimal var ki, bu yolun açılması Qərbin Azərbaycanda iştirakını da gücləndirə bilər, o cümlədən hərbi iştirakını.
Askar Nurşa deyir ki, Bakı-Tiflis-Qars tikilməyə başlayanda layihə çox siyasiləşmişdi və bunun iqtisadi yox, geosiyasi layihə olduğu, o cümlədən Rusiyanın regiondakı təsirini azaltmağa hesablandığı deyilirdi. Bu səbəbdən layihədən Rusiyanın da xoşu gəlmirdi. İndi isə geosiyasi kontekst dəyişib, Rusiya Türkiyə ilə yaxın əməkdaşlıq edir. Eyni zamanda Rusiya Azərbaycanla Ermənistan arasında əsas vasitəçidir. Bu baxımdan hazırda layihə ilə bağlı iqtisadi praqmatika daha çox üstünlük təşkil edir.
* * *12:19
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
* * *11:26
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradan Azərbaycana yola düşüb. "Anadolu" xəbər verir ki, onu Esenboğa hava limanından Bakıya dövlət və hökumət rəsmiləri yola salıb.
Türkiyə prezidentinin Azərbaycana səfəri iki gün davam edəcək.
Qeyd edək ki, R.T.Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk səfərinin açılış mərasiminə qatılacaq.
Oktyabrın 31-də isə Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında ikitərəfli görüş keçiriləcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bölgədə və beynəlxalq aləmdə baş verən hadisələr müzakirə ediləcək. Eyni zamanda iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa dair sənədlər imzalanacaq.
Bundan başqa, Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçiriləcək. Azərbaycan və Türkiyə prezidentləri iclasda iştirak edəcək.
R.T.Ərdoğanın Bakıya səfəri Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf edir.
Mənbə:> virtualaz.org