Mariya Zaxarovanın Azərbaycan üzərinə “xaç yürüşü” davam edir
Dünən keçirilmiş brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bütün Azərbaycan KİV-i qəzəbli tənqid atəşinə tutaraq, azərbaycanlı jurnalistləri təhqir edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünə Azərbaycan KİV-də onu Qarabağ separatçılarının əsirliyində olan Rusiya vətəndaşı, azərbaycanlı Dilqəm Əsgərovun taleyinə biganəlikdə günahlandıran məqalələrin məzmunu xoş gəlməyib. Azərbaycanlı jurnalistə Dilqəm Əsgərovun sonrakı taleyi ilə bağlı sualı sona çatdırmağa imkan verməyərək, Zaxarova onun sözünü kəsib və emosiyalarını gizlətməyərək, azərbaycanlı jurnalistləri söyməyə başlayıb.
Zaxarovanın kəskin ifadələri az qala əndazəsini aşaraq, təhqirə keçib: “Bunlar, sadəcə olaraq, həyasız məqalələrdir! Bu məqalələrdə analiz yoxdur, bəlkə heç konstruktiv və qeyri-konstruktiv tənqid də yoxdur. Bundan sonra siz hələ daha çox məlumat verməyimizi istəyirsiniz? Belə məqalələrdən sonra heç ünsiyyətdə olmaq istəmirsən... Həyasızlıq etməyə heç kim icazə verməyib. Mövzu üzrə istənilən sualı yalnız alqışlayırıq... Zəhmət olmasa, bunu həmkarlarınıza çatdırın”, - M.Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya XİN haqqında bu cür məqalələr jurnalist etikasına sığmır. “Mənim azərbaycanlı dostlarım da bu fikirdədirlər və yeri gəlmişkən, bu cür tonallığa görə hətta üzr də istəyiblər”, - Zaxarova əlavə edib.
Mənbə:> Virtualaz.org