Frankfurtdan Bakıya uçan “Airbus”la bağlı əhvalat: gənc qadın səsi eşidib diksinir və...
Ötən bazar günü yerli vaxtla təxminən saat 15 radələrində Almaniyanın kurort şəhəri Koburgun üzərində göy gurultusunu xatırladan səs eşidilir. Şəhər sakinlərindən biri-gənc qadın həmin səsdən diksinir, əvvəlcə onun göy gurultusu olduğunu zənn edir. Daha sonra bunun alçaqdan uçan nəhəng sərnişin təyyarəsinin səsi olduğunu müəyyən edir və tez kompüterini açır. Avropa səmalarında bütün hava gəmilərinin hərəkətini online rejimdə izləməyə imkan verən populyar Flightradar24.com saytına daxil olur. Və müəyyən edir ki, bu, Frankfurtdan Bakıya uçan “Airbus” A321 sərnişin təyyarəsidir...
Bəs təyyarə niyə Bakıya uçmaq əvəzinə Koburg səmalarında alçaqdan dövrə vururdu və şəhər sakinlərini diksindirmişdi? Virtualaz.org xəbər verir ki, bu əhvalat barədə Almaniyanın “Frankenpost” qəzeti yazıb. Təyyarə ilə bağlı insidenti isə qəzetə Koburg şəhərinin sakini olan həmin qadın çatdırıb.
Qadın deyir ki, o,, Flightradar24.com saytını xoşlayır və boş vaxtlarında bu sayta girib təyyarələrin uçuşunu izləmək onun hobbisidir.
Bazar günü isə qadının sayta daxil olub bir neçə dəfə klikləməsi kifayət edib ki, Koburgun üzərində alçaqdan uçan təyyarənin Frankfurtdan Bakıya uçduğunu və nəyə görəsə geri qayıdıb şəhər üzərində dövrə vurduğunu müəyyən etsin. Radar göstəricilərinə əsasən məlum olub ki, təyyarə Çexiyanın üzərindən geri qayıdıb, marşrutunu tamamilə dəyişib və Koburq şəhərinin yerləşdiyi Bad Rodach bölgəsi üzərində dövr edib.
“Bütün günü mən internetdə xəbərləri araşdırdım, ancaq orada Bakıya uçan təyyarədə problem yarandığına dair heç bir məlumata rast gəlmədim”-qadın deyib. Flightradar24.com saytından təyyarəni izləyən qadın onun yerli vaxtla saat 16.14-də yenidən Frankfurt aeroportuna endiyini müəyyən edib. O da məlum olub ki, təyyarə “Lufthansa” şirkətinə məxsusdur.
Ötən gün “Lufthansa” şirkətinin mətbuat katibi qəzetə açıqlamasında insidenti təsdiq edib. “Doğrudan da DLH612 reysi ilə Frankfurtdan Bakıya uçan təyyarə ilə bağlı insident olub. 200 sərnişin üçün nəzərdə tutulan maşında həmin vaxt 161 sərnişin var idi, təyyarə 13.54-də Frankfurtdan havaya qalxdı. Lakin yol boyu mühərriklərdən birində nasazlıq yarandı və pilot uçuşu dayandırmağı qərara aldı”-şirkətdən bildirilib.
Mətbuat katibi əlavə edib ki, pilot Çexiya üzərində təyyarəni geri qaytarmağı qərara alıb və kursu dəyişib. Yanacağı sərf etmək üçün təyyarə 14.55-dən 15.55-ə qədər Yuxarı Frankoniya və Aşağı Tyurinqiya əyalətləri üzərində dövr edib. Radar göstəricilərinə görə təyyarə bu müddət ərzində təkcə Bad Rodach bölgəsi üzərində deyil, başqa bölgələrdə də uçub, uçuş zamanı bəzən hündürlük 3 min metr təşkil edib, bu səbəbdən təyyarənin səsi yüksəkdən eşidilib.
“Təyyarə mühərrikdə yaranmış nasazlığa baxmayaraq Bakıya da problemsiz uça bilərdi. Lakin pilot buna qarşı olub, çünki Bakıda lazım olan ehtiyat hissələri yox idi və ona görə də təyyarəni Frankfurta geri qaytarmaq qərara alınıb. Maşın həmin gün orada təmir olunub. Təyyarə Frankfurta qəza enişi yox, məcburi eniş edib”-şirkətin mətbuat xidməti bildirib. Məlumata görə sərnişinlərin hamısı başqa təyyarə ilə həmin gün Bakıya yola salınıb.
Mənbə:> Virtualaz.org