Azərbaycan borusuna qarşı təxribatlar
Azərbaycan qazını Avropaya nəql edəcək Transadriatik Qaz Kəməri (TAP) layihəsinə etirazların səngimədiyi Melendunoya konsorsiumunun xüsusi hərbiləşdirilmiş mühafizə əməkdaşları gətirilib.
Virtualaz.org xəbər verir ki, bu barədə İtaliyanın “Republicca” qəzeti məlumat yayıb.
Polislə birlikdə mühafizə əməkdaşları da tikinti işlərinin və əsrlik zeytun ağaclığının başqa yerə köçürülməsinin, hansı ki, bu məsələdə əsas maneə hesab olunur, təhlükəsizliyini təmin edəcəklər.
Meleduno meri Marko Poti də məsələyə qarışaraq etiraz edənlərə müraciət edib və onları polislə toqquşmadan çəkinməyə çağırıb. O həmçinin bildirib ki, tikinti işlərinin həyata keçirildiyi ərazilər polis mühasirəsinə alınıb.
Bununla yanaşı, məlum olub ki, Leççedə, TAP mühafizəsi əməkdaşlarının qaldıqları Titsiana otelinin yaxınlığında naməlum şəxslər iki ədəd əldəqayrılma bomba partladıblar. Xoşbəxtlikdən hadisə nəticəsində zərər çəkən olmayıb, amma bu hadisənin özü sakit italyan şəhərciyini əməlli-başlı silkələyib.
Hazırda hadisəni araşdıran təhqiqatçılar iki versiya üzərində dayanırlar. Birinci – aksiyanın arxasında TAP tikintisinin rəqibləri durur və bu partlayışla TAP mühafizə xidmətindən qisas almaq istəyirlər.
İkinci versiya yerli "Leççe" komandasının bu oteldə qalan futbolçuları ilə bağlıdır. Belə ki, komanda otelə məğlubiyyətlə qayıdıb və ehtimal var ki, qəzəblənmiş azarkeşlər öz etirazını bu şəkildə ifadə ediblər.
Xatırladaq ki, bundan əvvəl də İtaliyada TAP layihəsinə qarşı bir çox etirazlar olub. İtaliya parlamentində təmsil olunan “5 Star” adlı siyasi hərəkat bu layihəyə qarşı aksiyaların əsas təşkilatçısıdır. Kəmərin keçəcəyi marşrut İtaliya hökuməti tərəfindən təsdiqlənib və tikintini aparacaq podratçılar seçilib. TAP Azərbaycanın “Şahdəniz-II” yatağından hasil olunacaq qazı Yunanıstan və İtaliyadan keçməklə Avropa bazarına çıxarmalıdır.
Mənbə:> Virtualaz.org