“Bloomberg”: Avro ilə dolların məzənnəsi bərabərləşə bilər
Fransada keçiriləcək prezident seçkilərində “Milli cəbhə”nin lideri Marin Le Pen qalib gələcəyi təqdirdə, vahid Avropa valyutası ucuzlaşa bilər.
AzNews.info “Report”a istinadən xəbər verir ki, “Bloomberg” agentliyinə görə, belə olacağı halda avro ilə dolların məzənnəsi bərabərləşə bilər.
Agentliyin 38 iqtisadçı arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, onlardan 23-ü avronun dollarla məzənnəsinin bərabərləşəcəyini və hətta daha aşağı düşəcəyini ehtimal edir.
Ekspertlərdən 12-si məzənnənin 1,00-1,05 USD/EUR diapazonunda qalacağını proqnozlaşdırır.
Fransanın “Banque Pictet & Cie” bankının iqtisadçısı Frederik Dyukrozeyə görə, maliyyə bazarlarının reaksiyası seçkinin bu cür nəticələnməsinə çox sərt olacaq: “Belə ki, onlar avrodan imtina ssenarisinin baş tutacağına inanmırlar”.
Xatırladaq ki, bugünkü çıxışında M.Le Pen “Avropa İttifaqı yox olacaq. Çünki insanlar artıq onu istəmirlər. Özündənrazı imperiyalar ölümə məhkumdur”, - deyib.
Aprel-may aylarında baş tutacaq seçkilərdə qalib gələcəyi təqdirdə, Le Pen avrodan imtina üçün referendum keçirəcəyini bildirib.
Qeyd edək ki, sonuncu dəfə avro ilə dolların məzənnəsi 2002-ci ildə bərabər olub.
Mənbə:> Report