Ziya Məmmədovla Arif Əsgərovun “Bombardier”lə korrupsiya sövdələşməsinin təfərrüatları – 56 MILYON DOLLARLIQ "OTKAT" İŞİ
Xəbər verildiyi kimi, ötən gün İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs edib. Həmin şəxsin adı əvvəlcə açıqlanmamışdı, ancaq bildirilirdi ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycan vəzifəli şəxslərinə 56 milyon dollar “otkat” ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.
Virtualaz.org xatırladır ki, söhbət "Bombardier" Bakı-Böyük Kəsik dəmiryolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedir. Müqaviləyə əsasən şirkət uzunluğu 503 km olan dəmiryolunda “İnterfilo 200” siqnal sistemlərini quraşdırımalıdır. İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə "İnterflo 200" siqnal sisteminin istismara verilməsi daxildir. Sistemin tətbiqi dörd mərhələdə həyata keçirilməlidir, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatmalıdır.
Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə bu yaxınlarda vəzifəsini struktur islahatları nəticəsində itirən Ziya Məmmədov tuturdu.
Virtualaz.org xəbər verir ki, “Bombardier” şirkətinin əməkdaşının barəsində iki həftəlik həbs qətimkan tədbirinin seçilməsinə dair qərar İsveç və Rusiya mətbuatında, habelə digər xarici KİV-lərdə geniş rezonans doğurub. Artıq həbs olunan şəxsin adı da məlumdur, bu, Yevgeni Pavlovdur. Pavlovun vəkilləri bildiriblər ki, o və “Bombardier” şirkətinin bir neçə top-menecerinə qarşı Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar. Lakin Pavlov özü bütün ittihamları rədd edir.
Bəs bu korrupsiya sövdələşməsinin üstünün açılmasına və həbslərə gətirib çıxaran proseslər necə başlamışdı? Belə məlum olur ki, araşdırmanı əvvəlcə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP birgə aparıb. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.
Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasənda həyata keçirilir. Birinci müqavilə üzrə "Bombardier" şirkəti tərəfindən "Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin “Multiserv Overseas” şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır.
İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizmi sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb.
Müqaviləyə əsasən azərbaycan dəmir yollarının modernləşdirilməsində “Bombardier Transportation” şirkətinin Rusiyadakı törəmə şirkəti də bilavasitə iştirak edib. Həmin şirkətin 36 faizlik səhmlərinə Rusiya Dəmir Yolları nəzarət edir. Şirkət siqnalizasiya avadanlıqlarının yerində quraşdırılmasını həyata keçirib. Rusiyanın nüfuzlu “Novaya qazeta” nəşrinin araşdırmasına görə, siqnalizasiya avadanlıqlarını “Bombardier”dən alıb Azərbaycana satan həmin “Multiserv Overseas” şirkətinin ilk direktoru Yuri Obodovski olub. Obodovski Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu Aleksey Krapivinin əsas biznes partnyorlarından biridir.
Bundan əlavə “Bombardier” şirkətinin İsveç törəmə şirkəti ilə “Multiserv Overseas” şirkəti arasında siqnalizasiya avadanlıqlarının alqı-satqısına dair birinci müqaviləni ikincinin adından Anton Belyakov imzalayıb. Həmin Belyakovun adı sənədlərdə Krapivinlə bağlı olan bir neçə şirkətin əməkdaşı kimi keçir. Beləliklə, qiymətlərin 5.5 dəfə şişirdilməsi nəticəsində “Multiserv Overseas” şirkətinin hesablarında 80 milyon dollar “ilişib qalıb”. Həmin puldan 56 milyon dolları “otkat” kimi Azərbaycan məmurlarına ötürülüb, qalanı isə belə görünür ki, Krapivinin ortaqlarına çatıb.
İsveç mətbuatı yazır ki, “Bombardier” şirkətinin daha bir neçə top-meneceri bundan əvvəl istintaqa cəlb olunub və dindirilib, bir top-menecer isə axtarılır. İsveç qanunlarına görə korrupsiya sövdələşməsinə görə tətbiq edilən maksimum cəza 6 il azadlıqdan məhrumetmədir. Belə görünür ki, bu korrupsiya sövdələşməsi ilə bağlı qalmaqal hələ xeyli davam edəcək...
Mənbə:> Virtualaz.org