Norveçdən sonra İsveç də məcburi hərbi xidmət tətbiq edir
İsveç hökuməti iyul ayından başlayaraq ölkədə hərbi çağırış elan edilməsinə dair qərar qəbul edib. Qərara görə hərbi xidmət yaşı çatmış gənclər məcburi şəkildə hərbi qulluğa cəlb ediləcəklər. Bu barədə “The Guardian” qəzeti yazıb.
Şərhçilər bildirirlər ki, hökumətin ordunu könüllü əsasda qurmaq cəhdləri baş tutmadığına görə belə bir qərar verilib. Eyni zamanda, İsveçin bu addımının Rusiyanın Baltika regionunda artan hərbi fəallığı ilə əlaqələndirilir.
Hələ 2010-cu ildə İsveçin mərkəz sağçı hökuməti 100 illik hərbi xidmətin ləğv olunmasından sonra orduya çağırışları ləğv etmişdi. Amma ölkədə işsizliyin artdığı bir vəziyyətdə belə, orduya 4000 nəfərin səfərbər edilməsi hədəfi güclə yerinə yetirilib. Ona görə də, ötən həftə sosial-demokratlar və yaşıllar hərbi mükəlləfiyyətə dair qərara səs veriblər.
İsveçin Müdafiə Nazirliyi bildirib ki, belə bir tədbirə səbəb “Avropada təhlükəsizlik mühitinin pisləşməsidir.
“Biz gördük ki, ordu sıralarını könüllülərlə doldura bilmirik. Odur ki, axırda könüllülük prinsipi ilə yanaşı, hərbi mükəlləfiyyət məsələsinə əl atdıq”, - deyə nazir bildirib.
“The Guardian” yazır ki, İsveçin belə tədbirlərə əl atması Rusiyanın bölgədə davam edən hərbi fəaliyyəti ilə bağlıdır.
İsveç NATO üzvü olmasa da, alyansla tərəfdaşlıq barədə müqavilə imzalayıb.
İsveç indi məcburi xidməti tətbiq edən ikinci Avropa ölkəsi sayılır. Bundan əvvəl Norveç bənzər hərbi xidmət barədə qərar qəbul etmişdi.(
Mənbə:> Virtualaz.org