Azərbaycana qıtlıq dövrü gəlir
“Venesuela sindromu” qapıda
Natiq Cəfərli: “Hökumətin görə biləcəyi iş ondan ibarətdir ki, normal rəqabət mühiti yaratsın və bazar oyunçularının sayı artsın”
Son 2 ildə ərzaq məhsullarının qiymət artımının əsas səbəbi manatın devalvasiyası ilə izah edilirdi. Hazırda onun əksinin müşahidə olunmasına baxmayaraq qiymətlər yenə də bahalaşmaqda davam edir. Bununla bərabər son vaxtlar iri marketlərdə, o cümlədən bazarlarda qıtlıq müşahidə olunur. Market sahibləri isə yaranmış vəziyyəti ərzaq məhsulları gətirən sahibkarların müəyyən dövrə qədər gözləmə mövqeyində qaldıqları ilə əsaslandırırlar. Belə ki, dolların manata nisbətən növbəti bahalaşmasından sonra sahibkarlar yenidən ticari fəaliyyətinə davam edəcəklər.
Bu günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli də qiymətlərin qalxmasına etiraz etdi. Onun sözlərinə görə, qiymətin qalxması Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəfə ziddir: “Manat bahalaşsa da, yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə, qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda, işbazlar bəhanə gətirirdilər ki, bu onlara ciddi zərbədir, ona görə də qiymət artımına gedirlər”. Maraqlıdır, hazırda nə baş verir, bu məsələyə niyə müdaxilə olunmur?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, məzənnənin dəyişməsinin və manatın müvəqqəti möhkəmlənməsinin biznes qədər həssas hiss edən ikinci bir kateqoriya yoxdur: “Hamı anlayır ki, bunun iqtisadi əsası və fundamental tələbləri yoxdursa, manatın müvəqqəti olaraq bahalaşması bir müddət sonra əks tərəfə dönəcək və dolların bahalaşması müşahidə olunacaq. Ona görə də iş adamları gözləntini nəzərə alaraq, iş formalaşdırır”.
Qıtlıq qapını döyür...
Ekspert qeyd edib ki, bu gün bazara gətirilən məhsullar dünən alınıb, çıxarılmır: “Aylar, həftələr öncə bunun üçün müqavilələr bağlanır. Xaricdən məhsulun gətirilməsi üçün logistika üçün zaman xərclənir. Yəni bir zamana ehtiyacı var. Ola bilər ki, bu gün piştaxtalarda olan məhsulların bir çoxu dolların məzənnəsinin yuxarı, yəni 1.92 olan vaxtı alınıb gətirilib. İş adamlarından qiymətləri azaltmağı tələb etmək və ya gözləmək doğru deyil. Əslində qiymətin formalaşmasında müxtəlif amillər rol oynayır. İkinci bir amil ondan ibarətdir ki, rəqabətli mühit olmalıdır. Azad rəqabət və məhkəmələri azad olan ölkələrdə qiymətin formalaşmasına dövlət qarışmır. Eyni zamanda da süni qiymət artımı da mümkün olmur. Azad rəqabəti bazarda tələb və təklif özü bir-birini tənzimləyir. Beləliklə də qiymətlər tənzimlənir və əhali üçün, satıcı-alıcılar üçün daha uyğun qiymət formalaşır. Azərbaycanda belə bir problem və iş adamları ilə bağlı şübhələr varsa, demək ki, ölkədə hələ də rəqabətli mühit yoxdur. İnhisarçılıq var və bu inhisarçılıq nəticəsində də qiymət artımı müşahidə olunur. Bu nöqteyi-nəzərdən Azərbaycanda inzibati qaydada qiymətlərə müdaxilə etmək həmişə əks-effekt doğurur. Yenidən qiymətlərin bahalaşmasına gətirib çıxarır”.
Natiq Cəfərlinin fikrincə, hökumətin görə biləcəyi iş ondan ibarətdir ki, normal ədalətli və rəqabətli mühit yaratsın və bazar oyunçularının sayı artsın: “Bazar oyunçularının sayı, məhsulun çeşidi, həcmi artdıqca, o zaman müsbət anlamda qiymətinə də təsir edəcək. Yerli istehsalçılara gəldikdə isə, yerli istehsalın xammalının bir çoxu xaricdən gətirilir və onlarda da valyuta məzənnəsindən asılılılıq yaranır. Məsələn, Azərbaycan brendi altında yerli çay adı ilə satışa çıxarılan onlarla çay növü var. Onların çox cüzi bir hissəsinin xammalı yerlidir, 90 faizi xaricdən gətirilir və Azərbaycanda sadəcə qablaşdırılır. İş adamlarının da dolların məzənnəsinin qalxması ilə əlaqədar maya dəyəri artıb. Hazırda onların üzərinə yeriyib, onları işbaz adlandırmaq da düzgün deyil. Ümumiyyətlə, Azərbaycanda “işbaz” anlamını da dəyişmək lazımdır. İşbaz sözü heç də pis söz deyil, öz işini sevən, görmək istəyən şəxsə deyilir. Amma möhtəkir sözü pis sözdür ki, Sovet dövründən yaddaşımızda qalıb. Möhtəkirliyə yol vermək olmaz ki, bunun üçün də azad rəqabətli mühit lazımdır və dövlətin müdaxiləsi yalnız iqtisadi alətlərlə olmalıdır. İnzibati müdaxilələr əks-effekt doğuracaq”.
“Hökumət bazara nəzarəti dayandırmalıdır”
Ekspert deyib ki, qiymətin tənzimlənməsi dövlətin əlində cəmləşəcəksə, bunun ziyanını görəcəyik: “Sovet dövründə necə idi, qiymət dövlətin əlində cəmləşmişdi. Ona görə də piştaxtalarda heç nə yox idi, ya alverçilər satırdılar, ya da piştaxta altından daha baha qiymətə satılırdı. Hətta böyük bir inzibati maşını, nəzarət mexanizmi olan SSRİ belə bunu inzibati yolla bacara bilmədi. Ancaq bazar iqtisadiyyatının təməl qanunlarına, tələb, təklif qaydalarına görə qiymət formalaşanda bu dayanıqlı və uzunmüddətli olur. Mən ümid edirəm ki, dövlət qiymətlərə nəzarət etməsini tamamilə dayandıracaq.
Venesuela da bu yolla getdi və bu gün orada baş verənlər göz qabağındadır. Piştaxtaları bomboş, insanlar bazarlıq etmək üçün qonşu ölkələrə üz tuturlar. İnsanlara şərait yaratmaq lazımdır ki, oyunçu sayı, çeşid artsın. Bunun üçün də hökumətin əlində kifayət qədər alətlər var. İnhisarçılıqla, korrupsiya ilə mübarizə aparılmalıdır, iş adamları üçün yaxşı şərait yaradılmalıdır. Bütün bunlar sonuc etibarilə qiymətlərə müsbət təsir göstərəcək. Qiymətlər enərək insanların alıcılıq qabiliyyətinə uyğunlaşacaq”.
Mənbə:> Cebhe.info