Prezident və birinci xanım Tərtər və Ağdam rayonlarına səfər ediblər – YENİLƏNİB
Dekabrın 3-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.
AzNews.info-nun məlumatına görə, Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikiləcək. Mərkəzin tikintisi üçün rayon icra hakimiyyəti tərəfindən Xındırıstan-Quzanlı avtomobil yolunun kənarında 7800 kvadratmetrədək torpaq sahəsi ayrılıb. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Ərazidə 60 avtomobil üçün dayanacaq tikiləcək. Binada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq.
Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin təməlini qoyub.
Dövlət başçısı Mərkəzin inşasının keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.
15:13
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.
AzNews.info-nun məlumatına görə, prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzlə tanışlıq zamanı dövlət başçısına və xanımına məlumat verilib ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın inşası yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş olunur. Burada Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə, onun uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet dövrünə və müstəqillik illərinə aid müxtəlif fotolarına geniş yer verilib.
Rəqs zalının, kompüter otağının, xalçaçılıq dərnəyinin, elektron kitabxananın yaradıldığı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 130 yerlik iclas zalı da var. Bundan əlavə, mərkəzdə 3D kino zalı, 20 nəfərlik konfrans zalı, rəsm otağı, kompüterlərlə və ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.
Son vaxtlar Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Ağdamdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı otağı yaradılıb. Burada nikah bağlayan gənclərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi də həyata keçiriləcək.
Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı və xanımı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
14:01
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa edilmiş Bayraq Muzeyinin açılışında iştirak ediblər.
AzNews.info-nun məlumatına görə, dövlət başçısı muzeyin binasının rəmzi açılışını bildirən lenti kəsib.
Muzeylə tanışlıq zamanı prezidentə və xanımına məlumat verilib ki, inşaat işləri bu il ərzində həyata keçirilib. Muzeyin ümumi sahəsi 300 kvadratmetr olan binasında 146 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.
Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib. Bütün bunlar həm Ağdam gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu, həm də cəbhə bölgəsində yaşayan soydaşlarımızda, xüsusilə də gənc nəsildə vətənpərvərlik hisslərinin daha da güclənməsinə xidmət edir.
13:20
Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtərə səfərlərini başa çatdıraraq Ağdam rayonuna gəliblər.
AzNews.info AzərTAc-a istinadən xəbər verir, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi.
12:08
Dekabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışında iştirak ediblər.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına və xanımına “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilmiş körpü barədə məlumat verib.
Bildirilib ki, körpünün inşası Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşməsi və bu ərazidə 1947-ci ildə tikilən mövcud körpünün istismar müddətini başa vurması nəzərə alınaraq həyata keçirilib. Körpünün tikintisinə 2016-cı ilin iyununda başlanılıb və qısa müddətdə başa çatdırılıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdir. Piyadaların körpüdə rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər bir istiqamət üzrə 1,75 metr enində səkilər də tikilib.
Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr uzunluğunda yanaşma yolları və ümumi uzunluğu 56 metr olan beş dairəvi borunun tikintisi aparılıb.
Sarıcalı və Zolgəran kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25,6 min sakininin mənzil başına rahat çatması üçün məsafəni qısaltmaqla avtonəqliyyat vasitələrinin hərəkətini xeyli yaxşılaşdıracaq. Bundan əvvəl isə sakinlər rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 15 kilometrdən artıq əlavə yol qət etməli olurdular.
Dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsib.
11:32
Bu il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəyib.
Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı. Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və Sərəncam imzalamışdır. Rayon icra hakimiyyətləri və müvafiq dövlət qurumları həmin Sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirləri görüblər.
Dekabrın 3-də Tərtərə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva apreldə ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış oldular.
Dövlətimizin başçısı və xanımı həyətləri gəzdilər, tikilmiş və bərpa olunmuş evlərə baxdılar.
Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci ilin mayında imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, ümumilikdə rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.
Dövlətimizin başçısı və xanımı zərər çəkmiş evlərdə əsaslı bərpa işlərindən sonra yaradılmış şəraitlə tanış oldular, sakinlərlə söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.
11:05
“Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına və xanımına layihə haqqında məlumat verdi.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində Tərtər şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Bu məqsədlə 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,5 kilometrlik kollektor inşa edilib. Şəbəkəyə 4700 ünvanın qoşulması təmin olunub.
Beləliklə, Tərtər şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 7500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Eyni zamanda, Tərtər Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati binanın tikintisi də layihələndirilib və bu mərhələdə icra olunacaq. Tullantı sutəmizləyici qurğu və inzibati bina da nəzərə alınmaqla layihə üzrə tikinti işləri 2018-ci ildə tam yekunlaşacaq.
Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1960-cı illərdə yaradılıb. Həcmi 500 kubmetr olan iki su anbarı və 47 kilometr uzunluğunda şəhərdaxili şəbəkə istismara yararsız vəziyyətdə olub. Tərtər şəhərində kanalizasiya sistemi isə ümumiyyətlə mövcud olmayıb. Yeni layihənin icrasına qədər “Azərsu” ASC 20 min şəhər sakinindən 11 mininə və ya təqribən 55 faizinə xidmət göstərib və şəhərə su qrafik üzrə verilib.
Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində Tərtər şəhəri ilə yanaşı, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində də su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılıb. 2017-ci ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq, Qazax şəhərində isə layihənin icrasına başlanacaq. Sonra dövlətimizin başçısı Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti Tərtər şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.
***
Bundan başqa Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışı olub.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Ümumi sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, iclas və oyun zalları var. Məktəbdə yaradılan 8 sinif otağı zəruri avadanlıqla təchiz edilib. Burada yarışların canlı izlənilməsi üzün monitor da quraşdırılıb. Hazırda məktəbdə 15 nəfər çalışır. Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunacaq. Bu cür şahmat məktəblərində şagirdlər zəngin təcrübə toplayaraq ölkəmizi müxtəlif səviyyəli yarışlarda layiqincə təmsil edirlər.
Dövlətimizin başçısı və xanımı gənc şahmatçılara uğurlar arzuladılar. Sonda xatirə şəkli çəkdirildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər. Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə tanış oldu.
Məlumat verildi ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Binanın foyesində “Rəşadətli Azərbaycan Ordusu” fotostendi quraşdırılıb. Fotostenddə erməni işğalçılarının təxribatları zamanı dinc əhaliyə, onların əmlakına, həmçinin təsərrüfatlarına dəyən ziyanı əks etdirən fotolar var. Stenddəki fotolar aprel döyüşlərində düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qüdrətini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin bu hadisələr zamanı xalqın və ordunun yanında olduğunu, onlara dəstəyini nümayiş etdirir.
Məlumat verildi ki, binanın ümumi sahəsi 510 kvadratmetrdir. İkimərtəbəli binada 50 yerlik iclas zalı, iş və texniki otaqlar yaradılıb. Təşkilatın qadınlar şurasının və gənclər birliyinin fəaliyyəti üçün binada hər cür şərait var. Dövlətimizin başçısı yeni binanın açılışı münasibətilə YAP Tərtər rayon təşkilatının üzvlərini təbrik etdi, onlara uğurlar arzuladı.
10:37
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfərə gəliblər.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı və xanımı Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib.
Mənbə:> AzərTAc / Oxu.Az