Məscid qapısı açıqdır, yaxud Azərbaycan mediasının “18+” sevdası
Şimal qonşumuz olan Rusiyada “Roskomnadzor” adlanan bir qurum var. Adını tam açsaq, “Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar üzrə federal xidmət”dir. Həmin bu Roskomnadzor Rusiya saytlarının və digər media növlərinin qorxulu röyasıdır. Niyə?
Çünki bu qurumun çox ciddi və güzəşt tanımayan təlimatları var. Əxlaqını və bəzən həyat tərzini bəyənmədiyimiz qonşu ölkədə hər yerindən duran qeydiyyatdan keçmiş KİV-də ağlına gələni yaza və nümayiş etdirə bilməz. Bəli, ilk növbədə KİV qeydiyyatdan keçir və sonra bu federal qurumun qaydalarına riayət etməyə borclu olur.
Məsələn, intihar xəbərlərində intiharın hansı yolla həyata keçirildiyini yazmaq olmaz. Bədənin müəyyən hissələrinin açıq-saçıq nümayişi qəti qadağandır. Şəkillərdə və videoda söyüş, təhqir, qanlı səhnələr ciddi cərimələrə səbəb ola bilər. 2-3 dəfə təkrarlandıqda isə KİV məhkəmə qərarı əsasında birdəfəlik bağlanır. Bu Rusiyadadır. Bizdə isə...
Bizdə rəsmi orqanlar KİV-in işinə müdaxilə etmir. Nə qeydiyyatdan keçmək, nə də hansısa qaydalara riayət etmək lazım deyil. Sanki hər şey KİV sahiblərinin ixtiyarına verilib. Atalar sözündə deyildiyi kimi, “məscid qapısı açıqdır...” Bəs görək, media başbilənlərinin abır-həyası varmı?
Bizdə intihar üsullarını nəinki oxuculardan gizlətmirlər, hətta bir az da, belə demək mümkünsə, “bəzəyirlər”. Məsələn, adamın boğazı kəsilibsə, müəllif bunu utanıb-çəkinmədən “adamın başı kəsilib” yazacaq. Çünki bu başlıqla yazını daha çox adam oxuyacaq.
Bu arada intihar etmiş deyil, canlı adamların taleyi də bizim KİV nümayəndələrinin elə də vecinə deyil. Məhkəmə qərarı olmadan, ittiham irəli sürülmədən, sadəcə şübhəli şəxs qismində saxlanan insanın adı, atasının adı, soyadı, yaşadığı ünvan və s. dərc olunur. Ola bilsin ki, həmin adamın heç bir günahı yoxdur, amma artıq gecdir, o, mətbuatın cinayətkar “elan etdiyi” şəxsdir. Bu, birmənalı şəkildə qanun pozuntusudur, amma bizdə deyil.
Dünən bir sıra saytlarda açıq-aşkar pornoqrafiya dərc olundu. Hansısa bir şəxsin küçə itini zorlamasının videogörüntüləri yayımlandı. Saytlar özlərini başlığa “18+” qeydi əlavə etməklə “sığortaladılar”. Amma bu, daha çox oxucu cəlb etmək üsulu idi, nəinki sığortalanmaq. İkincisi, bu, çox ciddi qanun pozuntusudur və pornoqrafiyanın yayılması birbaşa cinayət məsuliyyətinin yaranmasına səbəb olmalıdır. Fakt təzədir, gözləyək.
Fakt demişkən, bizim xəbər saytlarında küçədə kiminsə kiməsə dediyi hər hansı bir şayiə “fakt” statusuna qaldırılaraq dərc olunmaq şansına malikdir. Xüsusilə, əgər həmin başlığa bir “18+” damğası da yapışdırmaq mümkündürsə. Heç kimə maraqlı deyil ki, bu hadisə olub, ya olmayıb. Əsas odur ki, bu yazını bir neçə min adam oxuyacaq. Sonrası isə Allah kərimdir.
Xəbərlərin tirajlanması isə ayrıca söhbətin mövzusudur. Eyni xəbəri bir neçə saytda heç bir dəyişiklik olmadan oxumaq lüksü yalnız Azərbaycan oxucusunun bəxtinə düşüb. Kiçicik fərq yalnız “mənbə”dədir. Məsələn, belə gülməli qeydlərə tez-tez rast gəlinir: “1-ci sayt xəbər verir ki, 2-ci sayt bildirir ki, 3-cü saytın yazıdığına görə...” Bu cür tragikomediyanın isə bircə səbəbi var – Azərbaycanda aqreqator portalların olmaması. Ölkəmizdə mediada xəbərlərin oxunmasının sayı həmin KİV-in sosial şəbəkədə nə qədər uğurlu olmasından asılıdır. Misal üçün, virtualaz.org-un eksklüziv xəbəri digər saytlarda qat-qat çox oxunur, nəinki xəbərin qanuni yiyəsi olan saytda. Və bu mənada heç bir etik normalardan söhbət belə getmir. Halbuki, elə həmin Rusiyada mövcud olan aqreqator portallar oğru saytları elə ilk cəhddən öz sıralarından rədd edər və onların bir də özünə gəlməyə imkanları olmazdı.
Mənbə:> Virtualaz.org