Jirinovski: Moskva ilə Ankara Qarabağ məsələsini həll edəcəklər
Ticarət, iqtisadi, hərbi səyləri birləşdirməklə Rusiya və Türkiyə Dağlıq Qarabağ münaqişəsini, eyni zamanda kürd problemini həll etməyə qadirdirlər.
AzNews.info Virtualaz.org-a istinadən xəbər verir ki, bunu “Lider TV”yə müsahibəsində Rusiya Liberal-Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovski deyib.
“Əgər Türkiyə Rusiya ilə münasibətlərini inkişaf etdirsə, bu əsrlər boyu davam edəcək. İqtisadi, ticari, sənaye baxımından əlaqələr yalnız müsbət nəticələr verə bilər, mənfi heç nə yoxdur. Biz şimaldayıq, onlar cənubda. Biz onlardan cənub ölkəsinin iqtisadiyyatının istehsal etdiyi hər şeyi almağa hazırıq, o cümlədən də çimərlikləri, dənizi, onlara isə dünyanın inkişaf etmiş 10 ölkəsindən biri olan şimal ölkəsindən nə lazımdırsa, verə bilərik.
Hazırda türklər ruslara polşalılardan, finlərdən və hətta ukraynalılardan da yaxşı münasibət bəsləyirlər. Türkiyədə Rusiya əleyhinə aksiyaları keçirilmir. Reallıqdan çıxış edib deyə bilərik ki, Türkiyə sakinlərinin böyük əksəriyyəti Rusiyaya yaxşı münasibət bəsləyirlər. Onlar bizimlə ticari əlaqələr qurular, turistləri qəbul edirlər, Rusiya ilə əlaqələrdən xeyir götürürlər. Avropa İttifaqı Türkiyənin ünvanına tənqid və təhqir yağdırır. Buna görə də, Türkiyənin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün əla imkanları var”, - siyasətçi bildirib.
“Əgər Türkiyə və Rusiya ticarət, iqtisadi, hərbi səylərini birləşdirsələr, kürd və erməni məsələləri öz həllini tapacaq. Aydın məsələdir ki, Dağlıq Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalacaq, başqa sözlə, bütün Qafqaz və Yaxın Şərq üçün əla perspektivlər açılır”, - Jirinovski qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin həllini necə gördüyü ilə bağlı suala isə RLDP sədri belə cavab verib:
“Bu məsələ Kremldə həll edilməlidir. Dağlıq Qarabağ üçün elə bir xüsusi status tapmaq olar ki, həm ermənilər razı qalsın, həm də azərbaycanlılar”.
Mənbə:> Virtualaz.org