Prezident: Aprel döyüşləri tarixi qələbə idi
26 iyun Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm, uğurlar arzulayıram.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşündə deyib. O bildirib ki, bina qısa müddətə inşa olunub və burada hər cür şərait yaradılıb:
“İndiyədək 900-dək hərbi qulluqçu mənzillə təmin edilib. Azərbaycan ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur. Hərbi xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə, hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu planlı və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycanda yaradılan hərbi-sənaye kompleksi də müasir səviyyədədir”.
Dövlət başçısı qeyd edib ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir:
“Bunu aprel döyüşləri də göstərdi. Ermənistanın təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi”.
Ermənistanın aprel təxribatına ordumuzun layiqli cavab verdiyini bildirən Prezident İlham Əliyev bu döyüşləri tarixi qələbə kimi xarakterizə etdi.
Hərbi qüdrətimizin daha da artırılmasının əhəmiyyətindən danışan dövlətimizin başçısı dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Lakin bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək.
Ali Baş Komandan qeyd etdi ki, işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Mənbə:> Oxu.Az