332 min azərbaycanlı "Ağ Ev"i silkələdi - ABŞ cavab verdi, gündəm Qarabağ oldu » AzNews.info -Xəbər portalı

332 min azərbaycanlı "Ağ Ev"i silkələdi - ABŞ cavab verdi, gündəm Qarabağ oldu – FOTO

332 min azərbaycanlı "Ağ Ev"i silkələdi - ABŞ cavab verdi, gündəm Qarabağ oldu


"Ağ Ev" administrasiyası Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız qalmış Sərsəng bəndinə görə, humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib.

Cavabda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədri qismində Amerika Birləşmiş Ştatları (ABŞ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tərəfdarıdır. "Ağ Ev"in saytında yerləşdirilən və 332 minə yaxın səs toplayan petisiyaya cavabda bildirilir ki, "Biz tərəfləri təmkinli olmağa və dərhal Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyən olunmasından ibarət olacaq danışıqlara başlamağa çağırmaqda davam edirik".

Eyni zamanda bildirilir ki, ABŞ tərəflərlə daimi dialoq çərçivəsində humanitar məsələlərin müzakirəsinə yardım edəcək: "Sərsəng su anbarının idarə olunması və qulluğu, bu məsələlərdən biridir. Biz su ehtiyatlarının idarə olunması və bəndin inspeksiyasının müzakirəsi üçün tərəflərin texniki ekspertlərinin görüşünü alqışlayırıq. Həmsədrlər belə görüşlərə yardım etməyə hazırdır". Qeyd olunur ki, bu münaqişənin həlli Ermənistan və Azərbaycan prezidentlərinin siyasi iradəsindən asılıdır: “Minsk qrupunun həmsədr ölkəsi olaraq, biz regionda sülh və tərəqqinin olması üçün səylərimizi davam etdirəcəyik".

332 min azərbaycanlı "Ağ Ev"i silkələdi - ABŞ cavab verdi, gündəm Qarabağ oldu


ABŞ-ın petisiyaya cavabı bir tərəfdən bizi sevindirsə də, digər tərəfdən müəyyən suallar doğurur.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas diqqətçəkən məsələlərdən biri də budur ki, iyunun 20-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevv və Ermənistan prezidenti Serj Sarkisyanla Sankt-Peterburqda görüşü gözlənilir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparacaqlar. O bildirib ki, Vladimir Putinin əvvəlcə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüş keçirəcək, daha sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək:

“Təbii olaraq tərəfimizdən münaqişə tərəflərinə kömək etməklə bağlı aktiv səy göstəriləcək. Biz son hərbi əməliyyatların dayandırılmasında həlledici rol oynamışıq. Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında qeyd olunan prinsiplər əsasında Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə öz vasitəçilik missiyamızı davam etməyə hazırıq”.

ABŞ-ın petisiyaya cavabı, eyni zamanda iyunun 20-də keçiriləcək görüşdə hansı nəticələr əldə ediləcəyini millət vəkili, politoloq Elman Nəsirov ATV.az-a şərh edib.

- ABŞ petisiyaya cavabında qeyd edib ki, “Biz, tərəfləri təmkinli olmağa çağırırıq”. Təmkinli olmaq deyəndə ABŞ nəyi nəzərdə tutur?

- "Ağ Ev"in petisiyaya cavabında ifadə olunan təmkinli olmaq yanaşması, yəni tərəflər - Ermənistan və Azərbaycanın münaqişənin həlli ilə bağlı təmkinli olması deməkdir. Bu ifadənin mənası odur ki, Birləşmiş Ştatlar münaqişənin yalnız sülh yolu ilə həllini istədiklərini ifadə edir. Amma hesab edirəm ki, burada tərəflər ifadəsi düzgün istifadə edilməyib. Əvvəla, hər zaman təxribata əl atan, münaqişəni dinc yolla həll etmək istəməyən, gözdən pərdə asmaq naminə dinc danışıqlara gedən Ermənistandır. Reallıqda isə Ermənistan münaqişənin həlli ilə bağlı heç bir konstruktiv addım atmır.

Hesab edirəm ki, burada təmkinli ifadəsinə aydınlıq gətirilməliydi, çünki burada məsuliyyətin bölünməsindən söhbət gedir. Həm Azərbaycan, həm də Ermənistanı təmkinli davranışa çağırış, əslində təcavüzkarla, təcavüzə məruz qalan arasında sanki fərq qoymamaq, bərabərlik işarəsi anlamındadır. Ona görə də adı ilə, ünvanı ilə çağırılmalıdır ki, Ermənistan özünün təmkindən kənar davranışına yol verməməlidir. Bu şəkildə ifadə daha doğru olardı. Amma bütövlükdə Birləşmiş Ştatlar təmkinli ifadəsi ilə münaqişənin dinc həlli xəttini dəstəklədiklərini ifadə etmək istəyib. Baxmayaraq ki, digər mənalar da ortaya çıxır.

332 min azərbaycanlı "Ağ Ev"i silkələdi - ABŞ cavab verdi, gündəm Qarabağ oldu


- Cavabda bildirilib ki, Dağlıq Qarabağın statusu müəyyənləşməlidir. Bu status ifadəsində nə nəzərdə tutulub?

- "Ağ Ev"in cavab reaksiyasında Dağlıq Qarabağın ətrafında olan işğal altındakı rayonların verilməsi məsələsi öz əksini tapıb. Eyni zamanda Dağlıq Qarabağın statusunun müəyyən edən danışıqlar prosesinin dərhal aparılması ilə bağlı bir yanaşma var. Bilirsiniz, əvvəla bu ifadələri gərək düzgün işlədəsən. Axı nəyə görə, işğal altındakı Dağlıq Qarabağ və ətrafındakı 7 rayon ifadəsi işlədilmir? İşğal sözündən istifadə edilmir, amma deyilir ki, həmin rayonlar Azərbaycanın nəzarətinə qaytarılsın. Axı Azərbaycanın nəzarətindən niyə çıxıb, hansı səbəbdən çıxıb? Təbii ki, işğala görə. Bax, "Ağ Ev"in rəsmiləri bunu ifadə etməyə çox böyük çətinlik çəkiblər. Bilərəkdən işğal faktını, işğal sözünü qeyd etməyiblər. O ki, qaldı Dağlıq Qarabağın statusu ilə bağlı məsələsinə, danışıqlar prosesinin intensivləşməsindən söhbət gedir. Təbii ki, bu, Praqa prosesininin məntiqindən doğan məsələdir. 2004-cü ildə Çexiya paytaxtında əldə edilmiş razılaşma Praqa prossesidir. Bu prossesin də məntiqi odur ki, münaqişə mərhələli şəkildə həllini tapmalıdır. Və 2009-cu ilin sonunda Afinada ATƏT-in xarici işlər nazirlərinin toplantısında yenilənmiş Madrid prinsipləri ilə sürülüb ki, onun da ən mühüm qayəsini təşkil edən budur ki, münaqişə mərhələli şəkildə həllini tapsın.

Və əsas mərhələlərdən biri də Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı məsələdir. Bu da yenilənmiş Madrid prinsipinin əsas məqsədlərindən biridir. Ona görə hesab edirəm ki, burada bir qədər də aydın göstərilməlidir. Çünki Azərbaycan tərəfi bu ideyanı müdafiə edir, yəni, münaqişənin həlli ilə bağlı razılaşmadan 5 il, 10 il keçdikdən sonra Dağlıq Qarabağın statusu müəyyən edilsin. Özü də referendumla. Amma Azərbaycan Konstitusiyasında yazılıb ki, referendum bütün ölkəmizdə keçirilə bilər. Onun əlahiddə bir hissəsində referendum ola bilməz. Dağlıq Qarabağ da Azərbaycanın tarixi, əzəli, hüquqi ərazisidir. O nöqteyi nəzərdən də, əgər referendum olsa, bu, mütləq bütün Azərbaycan ərazisində keçirilməlidir.

Hesab edirəm ki, bu məsələ də diqqətdən kənarda qalmamalıdır. Elə olmamalıdır ki, Dağlıq Qarabağın özündə Azərbaycanın əlahiddə ərazisində keçirilsin. Bu, mümkün olmayan məsələdir. Bu məsələdə də Birləşmiş Ştatlar gərək bir qədər ifadələrində konkretliyə yer verəydi. Ümumilikdə, bu statusun müəyyən edilməsi ilə bağlı məsələnin orada əksini tapması anlaşılandır. Amma detallar dediyim kimi əsas bundan ibarətdir ki, referendum keçirilməlidir.

332 min azərbaycanlı "Ağ Ev"i silkələdi - ABŞ cavab verdi, gündəm Qarabağ oldu


- Daha sonra qeyd olunub ki, dərhal danışıqlara başlanmalıdır. ABŞ münaqişənin tez həll olunmasını niyə bu qədər çox istəyir?

- "Ağ Ev"in cavab reaksiyasında danışıqların dərhal başlanması haqqında da ifadə yer alıb. Bu da səbəbsiz deyil. Amerika Birləşmiş Ştatlarının üzvü olduğu ATƏT-in Minsk qrupunun həmsədrləri belə güman edirdilər ki, onlar atəşkəsi qoruyub, saxlaya bilirlər. Müharibənin başlanması ehtimalı sıfıra bərabərdir. Və hər zaman öyünürdülər ki, məhz onların çox gərgin fəaliyyəti nəticəsində münaqişə müharibəyə çevrilməyib. Lakin aprel döyüşləri göstərdi ki, bu qətiyyən belə deyil.

Aprel döyüşləri bütün bu illüziyaların üstündən xətt çəkdi. Aprel döyüşləri göstərdi ki, münaqişə istənilən vaxt müharibəyə çevrilə bilər və belə olan təqdirdə kim təminat verir ki, əgər münaqişənin həlli ilə bağlı ciddi, radikal addımlar atılmasa, kim təminat verir ki, növbəti döyüşlərin, müharibənin şahidi olmayacağıq. Müharibəni başlamaq asandı, dayandırmaq çətin. Hesab edirəm ki, ABŞ bu reallığın fərqindədir, xüsusilə aprel döyüşlərindən sonra. Ona görə də dərhal danışıqların tərəfdarı kimi çıxış edirlər. Çünki bunun alternativi müharibədir.

332 min azərbaycanlı "Ağ Ev"i silkələdi - ABŞ cavab verdi, gündəm Qarabağ oldu


- Ağ Evin cavabında qeyd olunur ki, ABŞ tərəflərlə daimi dialoq çərçivəsində humanitar məsələlərin müzakirəsinə yardım edəcək. Niyə yalnız humanitar məsələlər?

- Azərbaycan tərəfinin irəli sürdüyü, təxminən 332 min imza toplanan petisiyada ən mühüm məsələlərdən biri də məhz AŞPA-nın 2016-cı ildə qəbul etdiyi 2085 saylı Sərsəng su anbarıyla bağlı qəbul etdiyi qətnamə idi. Azərbaycan bu qətnaməyə də istinad edirdi. Hansı ki, həmin qətnamədə birmənalı olaraq erməni silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərini tərk etməsi, eyni zamanda Sərsəng su anbarının region üçün çox ciddi fəlakətə çevrilməsi haqqında xəbərdarlıq öz əksini tapmışdı. Amma təəssüf ki, petisiyaya cavabda Sərsəng su anbarı ilə bağlı konkret müddəaya şahid olmadıq.

Sərsəng su anbarı ilə bağlı AŞPA-nın məlum qətnaməsinə istinad və ondan irəli gələn bir yanaşma görmədik. Sadəcə olaraq humanitar fəlakətdən söhbət gedir və dolayısı ilə bunu Sərsəng su anbarına işarə kimi qəbul etmək olar. Amma açıq şəkildə Sərsəng su anbarı ilə bağlı fikir orda öz əksini tapmayıb. Bu da hesab edirəm ki, həmin cavabın ən qüsurlu, nöqsanlı cəhətlərindən biridir. Bütövlükdə isə bir fakt danılmazdır ki, təxminən 2 aydır Ağ Evin saytında Azərbaycan tərəfinin irəli sürdüyü həmin petisiya öz əksini tapıb, həmin petisiyada da Ermənistanın işğalçı dövlət olduğu, Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal etdiyi, bunun nəticəsində 1 milyondan çox məcburi köçkün və qaçqının yarandığı, Sərsəng su anbarının çox ciddi təhlükə mənbəyinə çevrildiyi, eyni zamanda bu reallıqlar fonunda həmin işğala son qoyulması kimi tələblər və yanaşmalar öz əksini tapıb. 2 ay ərzində bütün dünya o informasiyadan Ağ Evdən mənbə kimi istifadə etməklə tanış olmaq imkanı əldə etdi. Bu, indiki informasiya müharibəsində hesab edirəm ki, çox vcib məsələlərdən biridir.

332 min azərbaycanlı "Ağ Ev"i silkələdi - ABŞ cavab verdi, gündəm Qarabağ oldu


- Ümumiyyətlə, bu məsələdə Amerika Birləşmiş Ştatlarının diqqəti nə dərəcədə önəmlidir? Bu diqqətin münaqişənin həll olunmasında rolu ola bilərmi?

- Təbii ki, kifayət qədər rol oynaya bilər. Çünki Birləşmiş Ştatlar sıradan bir dövlət deyil. ABŞ deyərdim ki, dünyanın yeganə fövqəldövlətidir. Bütün digər dövlətlər güc və potensialına görə, ondan qat-qat aşağıda dayanır. Və eyni zamanda Amerika Birləşmiş Ştatları təkcə ATƏT-in Minsk Qrupunun üzvü deyil, həm də onun həmsədrlərindən biridir. Və belə olan vəziyyətdə heç şübhəsiz ki, ABŞ kimi fövqəladə dövlətin ali icra hakimiyyəti orqanının, yəni, Ağ Evin saytında belə bir informasiyanın yerləşdirilməsi və onun təbliğ, təşviq potensialını nəzərə alsaq, təbii ki, bizim informasiya məkanında mövqeyimizi möhkəmləndirən amildir. Eyni zamanda Birləşmiş Ştatların da bu məsələdə bir çox hallarda bizi tam qane etməyən olsa da belə, mövqeyinin olması və xüsusilə də işğal altındakı Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı fikrin yer alması müsbət hadisədir və gələcəkdə münaqişənin həlli prosesində Ağ Evin petisiyaya cavabı bizim üçün lazımi siyasi arqument rolunu oynaya bilər.

- Son olaraq istəyərdim bir məsələyə də aydınlıq gətirək. Prezident İlham Əliyevin Almaniya səfərində kansler Angela Merkel belə bir fikir səsləndirdi ki, “Münaqişənin həllinin açarı Rusiyadır”. İyunun 20-də Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşü gözlənilir. Bu görüşdə Rusiya həqiqətən də açar rolunu oynaya biləcəkmi? Ümumiyyətlə, görüşdən hansı nəticə gözlənilir?

- Hesab edirəm ki, aprel döyüşlərindən sonra ən mühüm görüşün Sankt-Peterburqdakı olacağı artıq heç kimdə şübhə doğurmur. Vyana danışıqlarında belə bir razılaşma əldə edilib. Təkcə Almaniya deyil, Fransa və Birləşmiş Ştatların danışıqları da onu göstərir ki, onlar münaqişənin həllində həlledici tərəfin məhz Rusiya olduğunu fərqindədir. Almaniya kansleri də bunu etiraf etdi. Amma Almaniya kanslerinin bu etirafı digər mənalar çıxarmağa da əsas verir.

332 min azərbaycanlı "Ağ Ev"i silkələdi - ABŞ cavab verdi, gündəm Qarabağ oldu


İkinci məna ondan ibarətdir ki, digər həmsədrlər, yəni, Fransa və Birləşmiş Ştatlar öz fəallığını artırsınlar. Çünki həlledici tərəf Rusiyadırsa, deməli digər iki həmsədr faktiki olaraq qeyri-həlledici funksiyada çıxış edir, daha zəif statusdadır. Və bəzən hətta belə fikir də söyləmək mümkündür ki, bu reallıq fonunda həmsədrləri 1+2 şəklində göstərmək olar? Burada bir Rusiya, iki isə Fransa və ABŞ-dır.

Bu təbii ki, Fransa və ABŞ-ın zəif davranışı ilə əlaqədardır. Onlar sanki Rusiyanın münaqişənin həllində həlledici tərəf olmağını qəbul ediblər və bununla barışıblar. Eyni zamanda ikinci mənası da ondan ibarətdir ki, əgər Rusiya birbaşa əsas həlledici tərəfdirsə, deməli münaqişənin həllində, eyni zamanda münaqişənin həll olunmamasında da ən böyük məsuliyyət onun üzərinə düşür. Yəni, Angela Merkelin bu bəyənatından dediyim mənalar hasil olur.


O baxımdan iyunun 20-də Sankt Peterburqda keçirilməsi gözlənilən danışıqlar prosesinə böyük ümid var. Ümid də onunla bağlıdır ki, heç olmasa bir taktiki irəliləyişin əldə edilməsi mümkün olsun. Çünki bu ümid də özünü doğrultmasa, iyun danışıqları nəticə verməsə onda kim təminat verir ki, aprel döyüşləri yenidən bərpa olmayacaq və hətta ən pis halda münaqişə regionda irimiqyaslı müharibəyə çevrilməyəcək? Hesab edirəm ki, bu sual indi daha çox həmsədrləri düşündürməlidir. Və bu sual prezidentlərinin görüşündəki danışıqlarda ən çox cavab axtarılan sual olmalıdır.

Mənbə: ATV.az - Günay Məryəm
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *