Prezident cəbhədədirsə, deməli...
Prezidentin bu səfəri avtomatik olaraq bölgəni müşahidə altında saxlayanlara və xalqımıza yeni impulslar verir ki, döyüş qabaqdadır.
Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin cəbhəyanı rayonlara səfərini şərh edən millət vəkili Zahid Oruc deyib. Deputat bildirib ki, Ali Baş Komandan birbaşa döyüş bölgələrini ziyarət etməklə sadəcə düşmənə bir görüntü nümayiş etdirmir, eyni zamanda, əsgərinin yanında olduğunu, zabiti ilə çiyin-çiyinə dayandığını, ordusunun bütün əməliyyatlarına rəhbərlik etdiyini göstərir:
“Bu, hazırkı dövrdə çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, I Qarabağ savaşını həm də bu səbəblərdən itirmişik. Təəssüf olsun ki, o dövrün rəhbərləri ordunun ön cəbhəsində birbaşa əməliyyatlara qatılmaq, peşəkarcasına real taktiki planları cızmaq, hər bir kiçik mövqe ilə bağlı vəziyyəti təhlil etmək imkanında olmamışdılar. Ölkə rəhbərinin Tərtərin ön cəbhəsinə, erməni zərbələrindən dağılmış evlərə baş çəkməsi Azərbaycan xalqı üçün nə qədər dözüm sərgiləyirsə, o biri yandan erməni kəşfiyyat orqanları son günlər generallarının qurban verilməsi ilə nə qədər zəiflədilirsə, demək, bütün bu informasiyalar müxtəlif dairələrin əlindədir.
Bu səfər “birinci şəxs vətəndaşlara yönələn zərbəni üzərinə götürür” mesajını cəmiyyətə verdi”.
Z.Oruc hesab edir ki, ölkə başçısının səfəri, hər bir addımı qarşı tərəfi bundan sonra daim qorxu içində saxlamağa bəs edir:
“Əlbəttə ki, savaş itkilər deməkdir. Düzdür, bölgədə humanitar, iqtisadi ziyanlar qaçılmazdır. Tam əminliklə deyə bilərik ki, ölkə rəhbəri əməliyyat şəraitinə generalları və əsgərləri ilə birlikdə nəzarət edir, məhz real vəziyyətə təsir göstərmək üçün yeni qərarlar verir. Verilən qərarların hamısı dəyən zərərin dövlət hesabına bərpasını doğurur ki, bu da ermənilərin əhalinin köçkünlüyünü təşkil etmək və ordu birləşmələrini dayaqsız qoymaq kimi növbəti planlarını alt-üst edir. Prezidentin səfəri Ali Baş Komandanın döyüşməsi deməkdir”.
Mənbə:> Axar.az