Marqvelaşvili: Rusiya Qafqazı “arxa həyət” hesab edir
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Vaşinqtona işgüzar səfər çərçivəsində ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeld ilə görüşüb.
Oxu.Az “Qruziya online”a istinadən xəbər verir ki, görüşdən sonra Gürcüstan dövlətinin rəhbəri Qafqazın və Mərkəzi Asiyanın gənc liderləri ilə görüşüb.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Georgi Marqvelaşvili Gürcüstanın regional siyasətdə, enerji məsələlərində rolu və “İpək Yolu”nun mahiyyətindən danışıb.
“Bizim region – Rusiya ilə qonşudur. O, qonşu ölkələrin siyasi proseslərində iştirak etmək istəyir və hətta onların bəzilərini özü üçün “arxa həyət” hesab edir. Rusiya Gürcüstanın inkişafını dayandırmağa çalışır, bu isə dostlarımızın Xəzər regionunda yaratdıqları imkanların yox olması deməkdir.
Gürcüstan siyasi və mədəni nöqteyi-nəzərdən özünü Avropa və NATO-nun bir hissəsi hesab edir. Bir neçə ay sonra Gürcüstanda parlament seçkiləri baş tutacaq və biz bu seçkilərin azad, rəqabətqabiliyyətli şəraitdə keçirilməsi və daha yaxşı gələcəyin yaradılmasına görə vasitəyə çevrilməsi üçün fəal şəkildə çalışırıq”, - prezident qeyd edib.
Mənbə:> Oxu.Az