İlham Əliyev: Bu siyasətin arxasında hansı amillərin dayandığını xalq çoxdan bilir
Beynəlxalq məsələlərə gəldikdə, bizim üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, bu məsələ ilə bilavasitə məşğul olanların biganəliyi və bəzi hallarda təxribatıdır. Mən bunu açıq deməliyəm. Azərbaycan xalqı bunu bilir, bilməlidir.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, onsuz da Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə Azərbaycan xalqının o qədər də böyük inamı olmamışdır.
“Amma yanvar ayında onların törətdikləri əməllər bu inamı tamamilə dağıtmışdır. Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasında iki qətnamə irəli sürülmüşdür. Bu qətnamələr çox dərin təhlil üzərində tərtib edilmişdir. Böyük iş görülmüşdür və bir qətnamə səs çoxluğu ilə qəbul edildi. Orada erməni işğalı pislənildi, erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərlə bağlı Avropa deputatları öz səslərini ucaltdılar.
Əfsuslar olsun ki, digər qətnamə qəbul edilmədi. Lehimizə cəmi dörd səs çatmamışdır. Bizim bütün təhlillərimiz göstərirdi ki, hər iki qətnamə rahatlıqla keçəcək. Çünki bizdə bununla bağlı kifayət qədər məlumatlar var idi. Avropa Şurası Parlament Assambleyasının deputatları, bir çox ölkələrin Xarici İşlər nazirlikləri bu əminliyi bizdə yaratmışdılar. Ancaq Minsk qrupunun həmsədrlərinin Avropa Şurasının işinə kobudcasına müdaxiləsi bu xoşagəlməz vəziyyətə gətirib çıxarıb.
Onlar Avropa Şurasına səfər etmişlər. Orada Avropa Şurasının rəhbərliyinə bu qətnamənin qəbul olunmaması üçün təzyiq göstərmişlər ki, guya bu qətnamə münaqişənin həllinə problem yaradır. Biz bunu təxribat kimi qəbul edirik. Onu da qeyd etməliyəm ki, nəinki Strasburqda, eyni zamanda, bir çox Avropa ölkələrinin Xarici İşlər nazirliklərinə də onlar oxşar siqnalları, mesajları vermişlər ki, bu qətnamə qəbul edilməsin.
Bunun nəticəsində, bir daha demək istəyirəm ki, bizə cəmi dörd səs çatmadı. Əlbəttə, bu qətnamə qəbul olunsaydı daha yaxşı olardı. Nəzərə alsaq ki, birinci qətnamə qəbul edilmişdir və orada bizə lazım olan bütün müddəalar öz əksini tapmışdır, ikinci qətnamənin qəbul edilməməsi böyük faciə deyil.
Mən bunu sadəcə ona görə deyirəm ki, Azərbaycan xalqı bir daha bilsin, münaqişənin həll olunmaması təkcə Ermənistanın mövqeyi ilə bağlı deyil. Bu məsələ ilə bilavasitə məşğul olmağa mandat alan Minsk qrupunun həmsədrləri pozucu fəaliyyətləri ilə münaqişənin dondurulmasına xidmət edirlər. Onlar öz səlahiyyətlərini aşaraq beynəlxalq təşkilatların işinə müdaxilə edirlər. Ermənistana təzyiq etmək əvəzinə ermənilərə himayədarlıq edirlər, onları qoruyurlar.
Münaqişənin həlli əvəzinə qəribə təkliflər verirlər ki, təmas xəttində təhlükəsizlik tədbirləri möhkəmləndirilsin. Yəni, bu, nə deməkdir? O deməkdir ki, işğalçı dövlət özünü daha rahat hiss etsin və işğalı, status-kvonu daha da möhkəmləndirsin.
Biz burada, əlbəttə, həm Azərbaycana qeyri-dost, qeyri-səmimi münasibət, eyni zamanda, riyakarlıq görürük və bunu açıq deyirik, onların üzünə deyirik. Mən burada artıq ictimaiyyətə də bunu deyirəm, bir tərəfdən onların dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir.
Digər tərəfdən, Minsk qrupunun həmsədrlərinin pozucu fəaliyyəti status-kvonun möhkəmlənməsinə xidmət edir. Bax, budur münaqişənin uzadılmasının əsas səbəbi və hesab edirəm ki, bu siyasətin arxasında hansı amillərin dayandığını Azərbaycan xalqı çoxdan bilir. Bu, ədalətsizlikdir. Bu, ikili standartlar siyasətidir.
Biz bu siyasəti rədd edirik və bundan sonra bütün kürsülərdə öz sözümüzü deyəcəyik. Ancaq istəyirəm Azərbaycan ictimaiyyəti onu da bilsin ki, bu, reallıqdır, real siyasətdir. Bunu etiraf etmək nə qədər acı olsa da bu, real siyasətdir və biz bu siyasəti qəbul etmirik. Azərbaycan dövlətinin siyasəti beynəlxalq hüquqa, ədalətə, əməkdaşlığa əsaslanır. Ancaq bizə qarşı belə təxribatçı addımların atılması, əlbəttə ki, cavabsız qalmır və qalmayacaqdır.
Münaqişənin həlli üçün ilk növbədə ölkəmiz, ordumuz daha da güclü olmalıdır. Bu istiqamətdə böyük işlər görülür. Bu gün biz təmas xəttində tam üstünlüyü əldə etmişik. Düşmənə sarsıdıcı zərbələr vurulur, qarşı tərəf panikaya qapılır və anlayır ki, xaricdən siyasi, iqtisadi və hərbi dəstək olmasa işğal edilmiş torpaqları bir həftə belə işğal altında saxlaya bilməyəcək. Biz isə güclənirik, güclənməliyik. Bu məsələni Azərbaycan xalqı həll edəcək. Mən buna əminəm”.
Mənbə:> Oxu.Az