İlham Əliyev: “Şübhən varsa, soruş…”
Cəmiyyəti narahat edən, incidən məsələlərin ortaya çıxmasında gənclərin də böyük rolu var. Biz çalışmalıyıq ki, bütün qüsurları aradan götürək və hər sahədə ədalət tam təmin edilsin. Çünki ədalət olmasa, inkişaf ola bilməz. Ədalət ailədə də, məişətdə də, siyasətdə də, hər sahədə olmalıdır.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib.
O, Azərbaycanın müstəqil siyasət yürütdüyü üçün təzyiqlərə məruz qaldığını bildirib:
“Gənclərdən fəallıq gözləyirəm. Cəmiyyəti narahat edən, incidən məsələlərin ortaya çıxmasında gənclərin də böyük rolu var. Biz çalışmalıyıq ki, bütün qüsurları aradan götürək və hər sahədə ədalət tam təmin edilsin. Çünki ədalət olmasa, inkişaf ola bilməz. Ədalət ailədə də, məişətdə də, siyasətdə də, hər sahədə olmalıdır. Belə olan halda ölkəmiz uzunmüddətli inkişafa nail olacaq. Mən demişəm, bizim müstəqilliyimiz əbədidir. Amma biz gərək müstəqilliyi möhkəmləndirək. O qədər müstəqil ölkə var ki, müstəqil siyasət apara bilmir. Yəni, müstəqillik şərti xarakter daşıyır. Biz müstəqil siyasət aparırıq. Buna görə bir çox hallarda hədəfə çevrilirik. Bizə qarşı olan təzyiqlər, qarayaxma kampaniyalarının əsas səbəbi də odur ki, həmişə özümüzü ləyaqətlə aparırıq. Bütün auditoriyalarda, açıq və qapalı görüşlərdə sözümüzü deyirik, xalqımızın, dövlətimizin maraqlarını müdafiə edirik. Bəzilərinin bundan xoşu gəlmir. Ona görə müxtəlif yollarla bizə təzyiq etməyə başlayırlar. O təzyiq mexanizmləri də çox primitivdir. Burada da hesab edirəm ki, bu təzyiqləri edənlər bir balaca gərək innovasiyalara şərait yaratsınlar, yeni bir üsul icad etsinlər. Çünki eyni, şablon ittihamlara artıq heç kim inanmır. Amma bu, bizim iradəmizə əlbəttə ki, təsir edə bilməz. Çünki mən həmişə bu fikirdə olmuşam: əgər hesab edirsən ki, sən düzgün yoldasan, gərək bu yola davam edəsən. Əgər şübhən varsa soruş. Nəyisə bilmirsənsə, bunu etmə. Bax, budur mənim yanaşmam və bilirəm ki, biz düzgün yoldayıq”.
Mənbə:> Axar.az