“Qazprom” AZMECOnu xilas edir
Bu gün Rusiyanın “Qazprom” şirkəti ilə azərbaycanlı oliqarx Nizami Piriyevin “AzMeCo” ("Azerbaijan Metanol Company") şirkəti arasında Bakının Qaradağ rayonunda yerləşən metanol zavodunun təbii qazla təchizatına dair ikitərəfli müqavilə imzalanıb.
Müqaviləyə əsasən “Qazprom ekspert” şirkəti hər il "AzMeCo" şirkətinə 2 milyard kubmetrə qədər qaz verəcək. Müqaviləni “Qazprom eksport”un baş direktoru Yelena Burmistrova və "AzMeCo" Direktorlar Şurasının sədri Nizami Piriyev imzalayıblar.
Virtualaz.org saytı xəbər verir ki, Rusiya şirkətinin yaydığı açıqlamaya əsasən “Qazprom”un təchiz etdiyi qaz Qaradağ metanol zavodunun tam istehsal gücü ilə işləməsinə imkan verəcək. Gözlənilir ki, qazın nəqli tezliklə başlayacaq və Rusiya qazı birbaşa son istehlakçıya, yəni metanol zavoduna çatdırılacaq. Qazın zavoda çatdırılmasını isə SOCAR üzərinə götürür.
Metanol zavodu, daha doğrusu, zavodun tikintisi üçün Azərbaycan Beynəlxalq Bankından alınan 500 milyon dollarlıq kredit oliqarx Piriyevin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (xalq arasında “Bandotdel” kimi tanınır) aparılmasının və həbsinin baiskarıdır.
Virtualaz.org saytının xəbər verdiyi kimi, Piriyevə qarşı “dələduzluq” ittihamı irəli sürülmüşdü və onu metanol zavodunun tikintisi üçün Beynəlxalq Bankdan götürdüyü, faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham edirdilər. Bu ağır ittihamla qarşılaşan Piriyevin həbsdən çıxması ancaq SOCAR rəhbərliyinin onu himayəyə götürməsindən və borclarının qaytarılacağına təminat verdikdən sonra mümkün olmuşdu.
Piriyevin zavodunun fəaliyyətə başladıqdan qısa müddət sonra dayanmasının və beləliklə də oliqarxın bankdan götürdüyü kredit üzrə faizləri ödəmək imkanından məhrum olmasının səbəbləri də məhz xammal təchizatı problemi olub. Əslində Piriyev zavodu tikməzdən əvvəl xammal təchizatını həll etdiyinə arxayın idi. Çünki o, zavodu zəngin qaz ehtiyatlarına malik olan və son illərdə qaz ixracatçısına çevrilən ölkədə tikirdi.
“AzMeCo” əvvəlcə müstəqil dövlət strukturu olan “Azəriqaz”la metanol zavodunun təbii qazla təchizatına dair uzunmüddətli müqavilə bağlayıb. Daha sonra “Azəriqaz” SOCAR-a birləşdirilib və dövlət neft şirkəti ölkənin qaz operatorunun digər öhdəlikləri kimi “AzMeCo” ilə bağlanmış müqavilə üzrə öhdəlikləri də üzərinə götürüb.
Piriyevin hazır məhsulu satmaq problemi də yox idi. O, BP şirkəti ilə “AzMeCo”nun istehsal etdiyi metanolun tam həcmdə satışına dair uzunmüddətli müqaviləyə malik idi və belə görünürdü ki, oliqarxın Azərbaycanda təbii qazın dərin emalını həyata keçirərək çoxsaylı məhsulların istehsalı üçün xammal rolu oynayan metanol istehsalı planlarının reallaşmasına qarşı heç bir maneə qalmayıb.
Lakin zavod işə düşəndən qısa müddət sonra xammal təchizatı dayandı. SOCAR zavodun qazla təchizatının dayandırılmasının səbəblərini izah etməyib. Ancaq belə məlumatlar var idi ki, hökumətdə - Nazirlər Kabinetində Piriyevin zavoduna ildə 600 milyon kubmetr həcmdə qazın daxili bazar qiymətləri ilə verilməsini iqtisadi-kommersiya baxımından sərfəli hesab etməmişdilər. Və dövlət şirkəti olan SOCAR-la “AzMeCo” arasında bağlanmış müqaviləni faktiki olaraq birtəfəli qaydada pozmaq qərarına gəlmişdilər.
Görünür, hökumətdə hesab edirdilər ki, ildə 600 milyon kubmetr qazı Tarif Şurasının təsdiq etdiyi qiymətlə (min kubmetri 100 manata) metanol zavoduna verməkdənsə onu Avropa qiymətlərinə xaricə ixrac etmək daha sərfəlidir. Çünki SOCAR-ın Türkiyə və Gürcüstanla qaz ixracı müqavilələri var və həmin həcmdə qazı xaricə çıxarıb satmaq üçün bazar problemi yoxdur. Digər tərəfdən, neftin qiymətlərinin yüksək olduğu vaxtlarda dünya bazarlarında qazın qiyməti də kifayət qədər yüksək idi - 1000 kubmetri 350-400 avroya satılırdı.
Bəs Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iş yerlərinin açılması və zavodun xammal təchizatının kəsiləcəyi halda Beynəlxalq Bankın –nəzarət səhm paketi dövlətə məxsus olan iri kredit təşkilatının ayırdığı kreditin batmaq təhlükəsi necə olsun?
Hökumətdə zavodun qazla təchizatını dayandırmaq barədə qərar verəndə görünür bu sualları nəzərə almamışdılar, yaxud ortada başqa maraqların olduğu da istisna deyildi.
Nəticədə ildə 750 min ton metanol istehsal etmək gücündə olan və fəaliyyətə başladıqdan sonra istehsal gücünün az hissəsi həcmində (təxminən 270 min ton) metanol istehsal edən “AzMeCo” bu ilin əvvəllərindən fəaliyyətini dayandırdı. Ardınca Beynəlxalq Bankın problemli kreditləri üzrə oliqarxların həbsi kampaniyası başladı və ilk həbs edilənlədən biri də Piriyev oldu. Cəmi iki il əvvələ qədər Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açan “metanol iqtisadiyyatı” konsepsiyasının üstünlükləri barədə danışan oliqarx indi nəhəng məbləğdə dələduzluq ittihamı ilə üzləşmişdi.
Ancaq Piriyevin “Bandotdel”ə bu ilin may ayına təsadüf edən səyahəti uzun çəkmədi və onun barəsində çıxarılmış 3 aylıq həbs qətimkan tədbiri dəyişdirildi, iş adamı təxminən iki həftə sonra həbsdənburaxıldı. Onun hansı şərtlərlə azadlığa buraxıldığı haqda əvvəlki buraxılışlarımızda geniş bəhs etmişik. Piriyevin azadlığa buraxılması isə hələ onun nəhəng borc yükündən xilas olduğu mənasını vermirdi. Onun az qala 1 milyard dollara yaxınlaşan borcunu qaytarması ancaq bir halda mümkün ola bilərdi: metanol zavodu tam gücü ilə işləsin və məhsul istehsal edib satsın.
Xəbər verildiyi kimi, Nizami Piriyevin həbsdən buraxılmasından sonra onun zavodu təxminən iki ay SOCAR-ın verdiyi qaz hesabına məhdud həcmdə də olsa işləyib. Təxminən 70 min ton metanol istehsal edərək satıb və 14 milyon dollar vəsait əldə edərək borcların qismən ödənilməsinə yönəldib. Buna baxmayaraq zavodun xammalla tam həcmdə və uzunmüddətli təchizatı məsələsi açıq qalırdı.
Və bu ilin iyun ayında Sankt-Peterburqda keçirilən ənənəvi illik beynəlxalq iqtisadi forumda sensasion məlumat yayıldı. “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşdən sonra bəyan etdi ki, Azərbaycan Rusiyadan qaz almaq üçün təkliflərini verib. Bu, ilk baxışdan nonsens hesab edilməli idi. Çünki Azərbaycan özü qaz ixrac edən ölkədir, üstəlik 2009-cu ildə bağlanmış müqaviləyə əsasən Rusiyanın özünə də qaz satmağa başlayıb. Hərçənd bu il Rusiyaya qaz ixracı dayansa da (bunun səbəbləri ayrı mövzudur) ötən ilə qədər SOCAR “Qazprom”a ildə təxminən 1 milyard kubmetr qaz sata bilmişdi.
O zaman nə baş vermişdi ki, Azərbaycan yenidən Rusiyadan qaz almaq qərarına gəlib?
Xüsusi qeyd etmək lazımdır ki, xəbər dərhal Rusiyanın enerji çevrələrində də rezonans doğurdu və ekspertlər, “Qazprom”a yaxın mənbələr bundan Azərbaycanın Avropanın rus qazından asılılığı azaltmaq baxımından imkanlarını şübhə altına almaq üçün istifadə etdilər. Belə ritorik suallar qoyuldu: Azərbaycan öz tələbatını tam ödəyə bilmirsə, Avropanın Rusiya qazından asılılığını azaltmasında necə rol oynaya bilər?
Saytımızın analitikləri dərhal təxmin etdilər ki, bu danışıqların arxasında əslində “AzMeCo”nun qazla təchiazatı məsələsi dayanır. Yəni Rusiyadan qaz almaq istəyən əslində Piriyevdir, SOCAR isə danışıqların aparılmasını təşkil edir və bir növ Piriyevin tərəfindən təminatçı rolundadır. Həmçinin zavoda qazın nəqli də ancaq SOCAR-ın kəmərlər sistemi vasitəsilə mümkün ola bilərdi.
Çox keçmədən bu təxminlər özünü doğrultdu və SOCAR rəsmiləri Rusiyadan qazın metanol zavodu üçün alınacağını təsdiqlədilər. Eyni zamanda SOCAR-dan bildirdilər ki, təşəbbüs “Qazprom”dan gəlib. Rusiya şirkəti Azərbaycandakı metanol zavodunu qazla təchiz etməyə hazır olduğunu bildirib, SOCAR da bu təklifə müsbət yanaşıb.
Beləliklə, indi müqavilənin imzalanması sayəsində oliqarx Piriyevin xilas olduğunu demək olar. “Qazprom”un onun zavoduna qazı hansı qiymətə verməyə razılaşdığı məlum deyil, ancaq şübhə yoxdur ki bu, Azərbaycanın Tarif Şurasının müəyyən etdiyi qiymət olmayacaq. Deməli, xammalın bahalaşması nəticəsində zavodun rentabelliliyi əmsalı da qismən aşağı düşəcək.
Ancaq hər halda zavod işləyə və məhsul istehsal edib sata, beləliklə də Beynəlxalq Bank qarşısında borclarını ödəyə biləcək. Bu, həm də zavodun yüzlərlə işçisinin işsiz qalmaq təhlükəsindən xilas olması deməkdir. Piriyevin zavodunun istehsal etdiyi metanolun Azərbaycan iqtisadiyyatının qeyri-neft sahələrində tətbiqinin nə dərəcədə mümkün olacağını isə hələ demək tezdir.
Metanol zavodları əsasən təbii qaz resurslarına, yəni xammal bazasına malik olan ölkələrdə tikilir. Və belə ölkələrdə metanol zavodları xammalı xaricdən, bazar qiymətləri ilə almırlar. Azərbaycanda isə Piriyev zavodunu və özünü ancaq xarici xammal hesabına xilas edə bilir...
Mənbə:> Virtualaz.org