Zirehli texnika təmas xəttində? » AzNews.info -Xəbər portalı

Zirehli texnika təmas xəttində?

Zirehli texnika təmas xəttində?


Azərbaycan ordusunun sentyabrın 6-da başlayan irimiqyaslı komanda-qərargah təlimləri ərazilərinin bir hissəsi işğal altında olan ölkənin silahlı qüvvələrində cəmi iki il ərzində baş vermiş keyfiyyət dəyişikliklərini aydın nümayiş etdirir.

65 min nəfərlik şəxsi heyətin, 700-ə yaxın zirehli texnikanın, 500-dən çox artilleriya və reaktiv artilleriya sistemlərinin, minlərlə avtomobil texnikasının, 150-yə yaxın döyüş təyyarəsinin və vertolyotların, habelə ehtiyatdan minlərlə hərbi qulluqçunun cəlb edildiyi təlimlərin gedişinə dair Müdafiə Nazirliyinin hər gün yaydığı foto-video görüntülərin analizi bu qənaəti möhkəmləndirir ki, kadrlar doğrudan da hər şeyi həll edirmiş.

Ən azından keçmiş müdafiə nazirinin dövründə orduya ayrılan milyardlarla dollar büdcəyə, alınan yeni silahlara və hərbi texnikaya baxmayaraq silahlı qüvvələrin döyüş qabiliyyətini, irimiqyaslı müharibə aparmaq imkanlarını bu cür bariz nümayiş etdirən fəaliyyət hiss edilmirdi.

Və haqlı olaraq sual yaranırdı: əgər Azərbaycan ordusuna bu qədər büdcə ayrılırsa və yeni silah-texnika alınırsa, o zaman hərbi hissələrin çoxunda məişət şəraiti niyə ağır olaraq qalır? Əsgərlərin müasir silahlarla və hərbi texnika ilə davranmaq üçün kifayət qədər hazırlığa malik olmasına tam əmin ola bilərikmi? Yaxud hansı səbəbdən hərbi hissələrdə hələ də köhnə, bir çox hallarda sınıq-salxaq texnika istifadə edilməkdədir? Ərazisi işğal altında olan ölkənin ordusu niyə nadir hallarda təlim poliqonlarına çıxarılır? (söhbət müxtəlif qoşun növlərinin eyni vaxtda birgə fəaliyyətini sınaqdan keçirən təlimlərdən gedirdi).

Ancaq yeni müdafiə nazirinin təyinatından sonra orduda bu kimi suallara son qoyan hansı işlərin görüldüyünü hazırda davam etməkdə olan irimiqyaslı təlimlər bir daha nümayiş etdirir.

Bu təlimlərin gedişinə dair yayılan fotolara və videokadrlara əsasən poliqonlara keçmiş sovet məkanında Rusiyadan sonra ikinci ən modern və ən güclü ordunun yeridildiyini görmək olur.

Modernizə olunmuş döyüş vertolyotları və aviasiya, hava hücumundan güclü müdafiə vasitələri, dünyanın ən güclü tankı adını daşıyan yüzlərlə T-90S, kalonlar halında poliqonlara doğru hərəkət edən digər müasir zirehli döyüş texnikası, tamamilə yenilənmiş avtopark. Bütün bunlar hərbi təlimlərin vizual effektidir...

Təlimlərin ssenarisinə dair Müdafiə Nazirliyinin yaydığı ümumi məzmunlu məlumata əsasən böyük miqdarda hərbi texnikanın və qoşun hissələrinin qısa müddət ərzində daimi dislokasiya yerlərindən şərti döyüş əməliyyatları teatrına yürüşü, bu zaman hərbi kalonların havadan müdafiəsi və qoşunların təhlükəsizliyinin təmin edilməsinə dair digər tədbirlər sınaqdan keçirilir. Manevrlərin sonuncu mərhələsində isə poliqonlarda Hərbi Hava Qüvvələrinin, quru qoşunlarının, o cümlədən raket qoşunlarının döyüş atışları həyata keçiriləcək.

Şübhəsiz ki, bütün bunlar hərbi manevrlərin vacib elementləridir. Çünki mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı qoşunların və minlərlə texnikanın daimi dislokasiya yerlərindən döyüş əməliyyatları zonasına daşınmasının effektiv təşkili həlledici amillərdən biridir.

Müdafiə Nazirliyinin yaydığı kadrlardan bu işin necə nizamla təşkil edildiyini görmək olar. Məsələn, çoxlu sayda ağır zirehli texnikanın və digər döyüş texnikasının dəmiryol eşalonları ilə daşınmasının təşkili istənilən ölkənin ordusunda yenidən dislokasiyanın aparıcı elementlərindən biridir. Hansı ki, Azərbaycan Müdafiə Nazirliyi də hər dəfə irimiqyaslı təlimlər keçirəndə məhz bu elementi sınaqdan keçirir.

Silahlı Qüvvələrin Baş Qərargahının hərbi təlimlərin ssenarisində daha nələri nəzərdə tutduğuna dair məlumatlar yoxdur. Ancaq ordunun imkanlarının indiki bariz nümayişi və bütün təmas xətti boyu hökm sürən gərgin vəziyyət bu ideyanı aktuallaşdırır: Azərbaycan ordusu böyük sayda zirehli texnikanın və artilleriya sistemlərinin məhz təmas xəttinə, silahlı qüvvələrin döyüş mövqelərinə qəfil və sürətli yürüşünü sınaqdan keçirə bilərmi?

Hərbi təlimlərin keçirilməsi üçün nəzərdə tutulan məkanlar şübhəsiz ki, poliqonlardır və Azərbaycan ordusunun sərəncamında döyüş şəraitinə maksimal yaxınlaşdırılmış təlimlər keçirməyə imkan verən, son illərdə yenidən qurulmuş və təchiz edilmiş poliqonlar var.

Lakin Azərbaycan ordusu həm də müharibə şəraitindədir, Ermənistan ordusu ilə yüzlərlə kilometr uzunluğunda təmas xətti boyu mövqe döyüşləri aparmaqdadır. Bu mövqe döyüşlərinin irimiqyaslı hərbi əməliyyatlara çevrilməsi riski yüksək olaraq qalır.

O zaman böyük sayda zirehli texnikanın və digər döyüş texnikasının ordunun ön xətdəki mövqelərinə qəfil, sürətli marşını sınaqdan keçirmək ideyası Baş Qərargahın hərbi təlimlərin ssenarisini işləyib hazırlayan zabitləri üçün cəlbedici ola bilərmi?

Məlum olduğu kimi 1994-cü ildə imzalanmış atəşkəs sazişi əsasında zirehli texnika təmas xəttindən geri çəkilib və son illərə qədər ordumuzun təmas xəttindəki mövqeləri əsasən atıcı silahlarla təchiz edilmişdi.

İndi isə vəziyyət dəyişir, hər iki tərəf təmas xəttində müxtəlif çaplı minaatanlardan istifadə edir. Ağır artilleriyanın işə düşdüyünə dair vaxtaşırı xəbərlər gəlir. Başqa sözlə, atəşkəs çoxdan formal xarakter daşıyır və təmas xəttində baş verənləri “atəşkəsin pozulması” yox, mövqe döyüşləri adlandırmaq hərbi baxımdan daha düzgün olardı.

Belə situasiyada böyük sayda zirehl texnikanın və digər hərbi texnikanın təmas xəttinə yürüşünün sınaqdan keçirilməsi mümkün müharibə zamanı ordunun indiki hərbi əməliyyatlar teatrına nə dərəcədə qəfil və sürətli hərəkəti imkanlarını yoxlamağa imkan verəcək. Eyni zamanda logistika və infrastruktur baxımından hansı qüsurların olduğunu meydana çıxaracaq. Hər halda yoxlamağa dəyər...

Zirehli texnika təmas xəttində?
Zirehli texnika təmas xəttində?
Zirehli texnika təmas xəttində?

Mənbə: Virtualaz.org - Fərhad Məmmədov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *