Televiziya qatilə necə çevrilir?!
Leyla Səfərova
Əvvəl səsimiz sehirliydi. Onda yalnız səslərlə bir-brimizi anlayırdıq. Sonra sözlərimizin sirrlərini bir-brimizdən gizlədik. Səsimizin və sözümüzün şəklini çəkəndən sonra anladıq ki, yer üzündə sirr qalmayacaq. Bütün sirlərsə, şəklimiz danışanda açıldı. Artıq çox danışmağa, heç çox susmağa da ehtiyac yoxdu, çünki həqiqətlər çılpaqdı - televiziya adlı xaos, hər birimizin evindədi. İnsan haqqında bütün təəssüratlarısa, onun bir duruşundan bəllidi. Bəzən adama bir dəfə baxmaq kifayət eləyir ki, onun “hansı yuvanın quşu” olduğunu biləsən.
Sehr və sirr haqqında bu qədər uzun danışmağım təsadüfi deyil. İstədim televiziyamızdan yazacağım yazıya, onun ana prinsiplərini hamıya xatırlatmaqla başlayım. Bu uzunçuluğumun xülasəsi budu ki, müasir tamaşaçını sözlə, ifadəylə, göz yaşlarıyla, gülüşlə aldatmaq mümkün deyil. O, hər şeyi görür və canıyla-qanıyla hiss eləyir. Belə olmasaydı, yaşlı biri ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinə baxarkən ürəktutmasından dünyasını dəyişməzdi. Düzdü, mən də Xoşqədəm xanım kimi düşünürəm ki, hər kəsin bir alın yazısı var və bunu hansısa efir həyəcanıyla izah eləmək düz deyil. Amma televiziyanın qatil rolu göz önündədi. Emosiyalarla insanın psixikasıyla oynamaq və onlardan narkoman düzəltmək artıq vərdişə çevrilib. Bu təkcə reytinq davası deyil, bu həm də səviyyə davasıdı. Təkcə bir amili xatırlatmaq istəyirəm. Dövlət televizyasıyla yayımlanan və bütün reytinqləri qıran muğam müsabiqəsi ideyası yəqin bütün televiziyonçuların yadındadı. Yəni efirdə “ağlaşma” qurmadan, müxtəlif sosial problemlərin məngəsində qalan adamları efir önünə toplamaq mümkündü. Buna necə nail olmağın yollarını sadəcə axtarmaq lazımdı.
“Səni axtarıram” verilişiylə bağlı bəzi qeydlərlə bugünkü televiziyanın qatil obrazının mahiyyətinə varmağa çalışacam. Əvvəla onu deyim ki, Xoşqədəm xanımın gördüyü iş ilk baxışdan çox xeyirxah istəkdi. İtmiş, yoxa çıxmış, ölkəyə qayıtmaq imkanı olmayan, aldadılan, başqa ölkələrin qadınlarının “toru”na düşmüş azərbaycanlıları son nəfəsi olsa belə vətəninə torpağına qovuşdurursuz, valideyn himayəsindən məhrum olmuş uşaqları zamanında hansısa problem ucbatından tərk etmiş valideynlərlə qovuşdurursuz. Həmin valideynlərin aqibətinin digərlərinə örnək olması da gözümüzdən yayınmır. Bəlkə yüzlərlə uşağı atılmaqdan siz qorudunuz, bəlkə beynində Moskvaya “alver” dalınca gedən yüz adamı yolundan qaytardınız! Bunların hamısı həqiqətən gözlə görüləcək qədər gözəl işlərdi. Amma mən bu məsələyə tamamilə fərqli yanaşmaq istəyirəm. Nə olar, elədikləriniz yaxşılıqları şoulaşdırmadan etsəniz, siz də reytinq xatirinə işləməsəniz olmazmı ? Axı sizin gördüyünüz işlər onsuz da ən yaxşı reytinqə layiq işlərdi. Kiminsə ölüm-qalım xəbərini verənə qədər ekran önündə nə qədər insan “ölür”. Budurmu sizin reytinq anlayışınız ? Budurmu, sizi ayaq üstə alqışlayan tamaşaçıya hörmətiniz? Axı niyə bir zamanlar “alver” dalınca gedib orda müxtəlif yollarla xoşbəxtliyini tapmış və sonradan bu xoşbəxtlikdən öz xoşu ilə imtina etmiş azərbaycanlı üçün bu qədər insan ağlamalıdır ? Açığı bu hansı məntiqə sığır onu bilmirəm. Hələ nə qədər kişilərin sizin efirinizə baxanda ürəyinin necə səksəkədə olmasını demirəm. Artıq hamının içində Xoşqədəm tapar, bilər deyə bir xof var. Yadıma valideynlərin uşaqlıqda biz yatmayanda qonşuyla qorxutmaqları düşür. Mən düşünürəm ki, belə davam etsə, kimsə bu günə qədər “Səni axtarıram”a baxarkən ürək tutmasından dünyasını dəyişməyibsə, bundan sonra mütləq olacaq. Əsas səbəbsə, yanaşmadı. Mövzunu təqdim etmədəki prinsiplərdi. Televiziyanin informasiyaçı, maarifçi, əyləncə obrazını unutmamaqdı. Kiminsə dərdlərini bölüşərkən onun Bizlərdən biri və Bizlərdən daha layiqli olduğunu unutmayın. Yazımın əvvəlində demişdim, ta dünyada SİRR qalmayıb. Yenidən sirr açmağa cəhd eləmək bayağı və mənasız görünür. “Obivatel” hesabına ATV darvazalarına yüzləri toplamaq, heç nəyi həll eləmir. Hamı, hər şeyi görür, hiss eləyir və bu səbəbdən də ürəyi partlayır.
P.S. Qəribədi ki, bizim sevinməyimizlə kədərlənməyimiz çox oxşardı. “Space”-in sevimlisi Mikayıl bəyin təqdimatında hamının “atlanıb-düşən” şousu kimi yaddaşıma yazılmış proqram bu mənada fərqlənir. İndi hamı Xoşqədəm xanımın verlişinə “necə ağlayacaqlar”, Mikayıl bəyin verlişinə “necə oynayacaqlar” həsrətiylə baxır. Günlərin bir günü onun verlişində kiminsə ürəyi qəfildən dayansa təəccüblənməyəcəm, axı sevincdən ölmək də var kiminsə qismətində..
P.P.S. Mikayıl bəydən bir xahişim var. Qurban olum, bir də şeir oxuma, vallah-billah, qiraət elmi yazıqdı, şeir yazıqdı, poeziya yazıqdı. Oxuma da, nə olar?
Mənbə:> Qafqazinfo.az