Vahid Ələkbərov prezidentdən təcili görüş xahiş etdi
Azərbaycanlı neft maqnatı, Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov Rumıniyada 2 milyard dollarlıq aktivlərini idarə edən törəmə şirkətinin hesablarına həbs qoyulmasından sonra bu ölkə prezidentinə məktub yazaraq təcili görüş xahiş edib.
Virtualaz.org saytı xəbər verir ki, Vahid Ələkbərovun Rumıniya prezidenti Klaus Yohannisə göndərdiyi, rus dilində yazılmış iki səhifəlik məktub mətbuata sızıb və bu ölkənin “Digi24” telekanalı tərəfindən yayılıb.
“LUKoil” nümayəndəsi məktubu şərh etməkdən imtina edib, ancaq onun məzmunu da təkzib etməyib. Rumıniya prezidentinin administrasiyası isə məktubla bağlı telefon zənglərinə cavab verməyib. Məktubun iyulun 9-da göndərildiyi məlum olub.
Məktubda Vahid Ələkbərov Rumıniyanın Ploeşti şəhərindəki “Petrotel LUKoil” yanacaqdoldurma məntəqələri (“LUKoil” bu müəssisənin səhmlərinin 97 faizinə sahibdir) ətrafındakı vəziyyətlə bağlı K.Yohannisdən şəxsi görüş xahiş edir.
Ötən həftə məlum olub ki, Rumıniya prokurorluğu “LUKoil”un Avropadakı törəmə şirkəti “LUKoil Europe Holdings B.V”-nin 2 milyard dollarlıq aktivlərinə həbs qoyub.
Bu şirkət “Petrotel LUKoil” yanacaqdoldurma məntəqələrinə nəzarət edir. Şirkət pulların yuyulmasında və 2012-1013-cü illərdə 230 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur.
“LUKoil”un Rumıniya hakimiyyəti ilə münaqişəsi 2014-cü ilin oktyabrında yaranıb. O zaman prokurorlar, polislər və gömrükçülər “LUKoil”un Rumıniyadakı ofislərində, o cümlədən “Petrotel” neftayırma zavodunda 23 dəfə axtarış aparmışdılar.
Ötən il “LUKoil” məhkəmə yolu ilə aktivlərinə qoyulan həbs qərarını götürməyə nail olmuşdu. Lakin ötən həftə prokurorlar aktivlərə yenidən həbs qoyub və “LUKoil”un daha beş əməkdaşı istintaqa cəlb edilib.
“Mən “LUKoil”un Rumıniyadakı cari fəaliyyəti və uzunmüddətli planları ilə bağlı şəxsi görüş keçirmək üçün sizə xahişlə müraciət etməyə məcburam” - Vahid Ələkbərov prezidentə məktubunda yazır.
Maqnat bildirir ki, rumın prokurorlarının yeni ittihamları onun yanacaqdoldurma məntəqələrini bağlanmaq həddinə gətirib.
V.Ələkbərovun sözlərinə görə, yanacaqdoldurma məntəqələri ətrafındakı vəziyyət onun şirkətinin demək olar ki, hamısı Rumıniya vətəndaşlarından ibarət olan işçilərinə pis təsir göstərir.
“LUKoil” prezidenti həmçinin yazır ki, analoji müraciəti Avropa İttifaqı rəhbərliyinə də göndərib, məsələyə dair daha açıq araşdırma aparılmasını xahiş edib. Çünki müəssisənin sabit işi Avropa İttifaqının neft məhsulları ilə təchiz edilməsinə təsir edir.
Gözlənilir ki, əgər “LUKoil”un aktivlərinə qoyulmuş həbs qərarını məhkəmə də təsdiqləsə Ələkbərovun Hollandiya, İtaliya və Macarıstandakı biznesi də bundan zərər görəcək.
Xatırladaq ki, Almaniya prokurorları da Vahid Ələkbərovun biznesi ilə maraqlanır. Buna səbəb Ələkbərovun adamlarının “LUKoil”un mərhum vitse-prezidenti Vitali Şmidtin aktivlərini qanunsuz yolla ələ keçirməsinə dair iddialardır.
Mənbə:> Virtualaz.org