Ən az 20 ölkə çıxılmaz vəziyyətə düşəcək
"Jubilee Debt Campaign" təşkilatı hazırladığı hesabatda tək Yunanıstanın deyil, ümumilikdə 20-dən çox ölkənin xarici borca görə böhran içərisində olduğunu yazıb.
ANS PRESS-in məlumatına görə, həmin siyahıda Yunanıstanla yanaşı Ermənistan və Ukaynanın da adı çəkilir. "Overseas Development Institute" analitik mərkəzin nümayəndəsi Cudit Tayson bildirib ki, 2012-ci ildən etibarən xüsusilə Afrika ölkələrində dövlət borcunda xeyli artım müşahidə edilir.
Onun sözlərinə görə, G8 liderləri həmin ölkələrin bəzilərinin 2005-ci ildə Qleniqls sammitində borclarını silib: "Düşünülürdü ki, onlar "təmiz səhifədən" başlayaraq inkişaf edə bilərlər. Lakin o zamandan həmin ölkələr yenidən borca batdılar. Bununla belə, bəzi ölkələr düzgün kapital qoyuluşu edərək infrastrukturu yaxşılaşdıra bilib".
Dövlətin xarici borcuna görə hal-hazırda böhran içərisində olan ölkələr
Hesabatda bildirilir ki, 14 ölkə yüksək xarici borc həcminə və büdcə kəsrinə görə yeni borc böhranına yaxınlaşır. Həmin ölkələrdən biri olan Tanzaniya 1990-cı ildən indiyədək həddən artıq borc yığıb. "Jubilee Debt Campaign" iqtisadi artımın gözləniləndən az olduğunu bildirib. "Nəticədə borcların ödəniş həcmi artıb. 2018-ci ildə isə həmin rəqəm, demək olar ki, iki dəfə artacaq. Bu isə birbaşa "təhlükəli zona"ya aparır".
Borc böhranı təhlükəsi yüksək olan ölkələr
Çində iqtisadi artımın zəifləməsi fonunda xammalın qiymətinin düşməsi, dolların möhkəmlənməsi bir çox Afrika ölkələri üçün təhlükə yaradır. Çünki həmin ölkələr dollarla müəyyən edilmiş borc götürüblər. Bundan başqa, bir çox mütəxəssis ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) bu il faiz qoyuluşunu qaldıracağını da güman edir. Bu da dünya borc bazarında dərin sarsıntıların yaranmasını sürətləndirəcək. Çünki ödəmə zamanı borc alan ölkələr həmin borcu daha yüksək faizlə ödəməli olacaqlar.
Beynəlxalq Bank isə öz hesabatında bildirib ki, İnkişaf Etməkdə olan Ölkələrə ucuz pulların axını tükənəcək. "Buna görə onlar "ən yaxşısına ümid edib ən pisinə hazır olmalıdırlar".
Mənbə:> ANSPRESS