Avropanın Azərbaycan qazına böyük ehtiyacı var
“Avropanın alternativ qaz layihələrinə ehtiyacı var".
ANS PRESS-in məlumatına görə, bunu Rumıniyanın enerji, orta və kiçik sahibkarlıq və biznes mühiti naziri Andrei Dominik Gerea Buxarestdə səfərdə olan energetika naziri Natiq Əliyev ilə görüşdə bildirib.
O deyib ki, regionda baş verən son geosiyasi proseslər fonunda AGRİ layihəsinin həyata keçirilməsi olduqca vacib əhəmiyyətə malikdir. Rumıniya enerji ehtiyatlarının diversifikasiyasını hər zaman dəstəkləyir. AGRİ layihəsi reallaşandan sonra Rumıniya ilə yanaşı gələcəkdə Bolqarıstan, Serbiya, Macarıstan və digər Şərqi Avropa və Balkan ölkələrinin Azərbaycan qazını idxal etmək imkanı əldə edəcək və bizi yaşadacaq.
N.Əliyev AGRİ layihəsinin iqtisadi və sosial əhəmiyyətindən danışıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşrutlarının diversifikasiyasına verdiyi töhfə və həyata keçirilən enerji layihələri barədə ətraflı məlumat verib.
O, AGRİ layihəsi ətrafında aparılan işlərin nəticələrini müsbət dəyərləndirib və bu istiqamətdə müəyyən işlərin görülməsinin vacibliyini vurğulayıb: "AGRİ layihəsi “Cənub” qaz dəhlizinin vacib əlavə komponenti olmaqla Xəzər qazı üçün marşrutların diversifikasiyasına töhfə verə bilər."
Xatırladaq ki, energetika naziri səfər çərçivəsində Buxarestdə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRİ) iştirakçı ölkələrinin energetika sahəsi üzrə məsul nazirlərinin iclasında iştirak edib. AGRİ layihəsinin iştirakçı dövlətlərinin yüksək vəzifəli rəsmilərinin qatıldığı iclasda qeyd olunan layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələri və layihənin maliyyələşdirmə imkanları müzakirə olunub.
Mənbə:> ANSPRESS