İstirahətin qiyməti neçəyədir?
Yay mövsümünün başlamasından 20 gün keçməsinə baxmayaraq, artıq azərbaycanlılar aprel ayından başlayaraq bir çox xarici ölkələrə, eləcə də sanatoriya-müalicə istirahət müəssisələrinə üz tutublar.
“Turan Travel” şirkətinin əməkdaşı ilə söhbətimiz zamanı aydın oldu ki, aprel ayından başlayaraq bu günə qədər təxminən 100 nəfər sanatoriya-müalicə istirahət müəssisələrinə göndərilib.
Turizm tur menecerinin sözlərinə görə, müştərilər ən çox Çexiyanın ən məşhur kurort şəhəri olan Karlovi-Variya, bundan əlavə, Sloveniya, Ukrayna və Rusiyanın kurort şəhərlərinə getməyə üstünlük veriblər.
Kurort şəhərlərinin özünəməxsusluğu ondan ibarətdir ki, bu şəhərlərə bir aylıq getmək istəyən müştərilərin sayı kifayət qədər azdı.
“Bunun səbəbi isə müalicənin müddətinin 21 gün davam etməsi ilə bağlıdır” - deyə, tur menecer qeyd edib.
Qiymətlər məsələsini də turizm şirkəti ilə dəqiqləşdirdik. Məlum oldu ki, 2 həftəlik istirahətin qiyməti aviabilet və s. daxil olmaqla, 1250 manata başa gəlir.
Onun sözlərinə görə, 2 həftəlik qiymətlər isə 1000 manatdır.
“Daha çox iki həftəlik həmin şəhərlərə turlar alınır” - deyə, şirkətin nümayəndəsi qeyd edib.
Daxili turizmlə məşğul olan “Miracle Travel” şirkətindən Oxu.Az-a bildirdilər ki, azərbaycanlılar ən çox keçən illərdə də olduğu kimi Avropa ölkələrinə və Türkiyəni görməyə can atırlar.
“İspaniya, Fransanın Paris, İtaliya, Çexiyanın Praqa şəhəri favorit ölkələr və şəhərlər sırasındadır” - deyə, şirkətin əməkdaşı bildirib.
Məlumdur ki, artıq 10 gündür ölkəmizdə Avropa Oyunları keçirilir. Düşündük ki, turistlər təkcə Bakı şəhəri ilə deyil, digər rayonlarımızla da tanış olmağı unutmayacaqlar. Bununla bağlı olaraq yerli turizm şirkətləri hansı addımlar atacaq? Bu sualımıza isə “Miracle Travel” şirkətindən bildirdilər ki, iyulun 1-dən başlayaraq bölgələrə turlar təşkil olunacaq.
“Hazırda bölgələrdə işçilərimiz yoxdur, amma iyulun 1-dən başlayaraq turlar təşkil edəcəyik” - deyə, bildirdilər.
Gilan Turizm şirkətinin əməkdaşlarının hazırladığı son statistik məlumatlara görə, ölkədaxili turistlərin sayı (Azərbaycanda otellər) – 330 nəfər, xarici ölkələrə səfər edən turistlərin sayı (xaricdə otellər) – 35 nəfər, aviabiletlərin sayı – 1020 ədəd olub.
Bundan başqa, yay mövsümü ilə əlaqədar turizm şirkətinin təşkil etdiyi turların qiymətləri haqqında qısa bir araşdırma apardıq.
Məlum oldu ki, Misirin Şarm-Əl-Şeyx şəhərinə 8 günlük turun qiyməti 390 manat, Türkiyənin turizm bölgəsi hesab olunan Antalya şəhərinə 8 günlük turun qiyməti 525 manat, 8 günlük Tbilisi-Batumi turunun qiyməti 420 manat, Fransanın Paris şəhərinə 4 günlük turun qiyməti 390 manat, 8 günlük Nyu-York turu 1900 manat (viza rüsumu qiymətə daxil olmamaqla) təşkil edir.
Ən ucuz turlar isə ölkədaxili turlardır:
Belə ki, Turizm.Az səyahət şirkətinin təqdim etdiyi 1 günlük Qəbələ turunun qiyməti 22 manat, Lahıc turu 32 manat, Quba turu isə 30 manatdır.
Məqalənin də əvvəlində qeyd etdiyimiz kimi, azərbaycanlılar sanatoriya müəssisələrində də dincəlməyə üstünlük verirlər.
Şirkətin təqdim etdiyi 11 günlük Yesentuki şəhərində istirahətin qiyməti 430 manat, Kislovodskda 11 günlük turun qiyməti isə 390 manatdır.
15 günlük Karlovi-Variydə istirahət etmək istəyənlər isə 1635 (viza rüsumu, transfer, viza dəstəyi qiymətə daxil deyil) manatından keçməlidirlər.
Qeyd edək ki, statistik məlumata görə, 2014-cü ildə Azərbaycana 2 milyon 297 min 804 nəfər əcnəbi gəlib, onlardan 2 milyon 159 min 722 nəfəri turizm məqsədilə səfər edib.
Xatırladaq ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirmişdi ki, ötən il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər daxil olub.
Paytaxt Bakıda keçirilən Avropa Oyunları ilə əlaqədar turistlərin sayının çoxaldığını nəzərə alsaq, ölkəmizin maliyyə dövriyyəsinə pul axınının da artdığını düşünmək olar.
Mənbə:> Oxu.Az