Böyük Bakı ərazisində çoxfunksiyalı mərkəzlər yaradılacaq
“Böyük Bakının Regional İnkişaf Planı” layihəsi üzrə (sxemi) bütün qəsəbə tipli inzibati vahidlərin ərazilərində klub tipli və çoxfunksiyalı mərkəzlərin yaradılması nəzərdə tutulur.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, bu barədə layihənin əlaqələndiricisi, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov məlumat verib.
Bildirilib ki, Böyük Bakı ərazisində turizm zonaları ilə yanaşı, tarixi yerlər, ziyarətgahlar, təbii-ekoloji ərazilər üzrə turistik marşrutların təşkili təklif olunur.
Bundan əlavə, yerlərdə yeni tələb olunan ixtisaslar üzrə texniki-peşə ixtisas məktəblərinin yaradılması və məktəbli düşərgələri ənənəsinin bərpa edilməsi kimi məsələlər də layihədə öz əksini tapıb.
Layihə müəllifləri həmçinin hesab edirlər ki, idman-sağlamlıq qurğuları hər bir yaşayış məskənində olmalıdır.
Ümumilikdə isə sosial aktivliyin mərkəzlə yanaşı, əyalətlərdə də təmin edilməsi və bu istiqamətdə görülən tədbirlərin iqtisadi, infrastruktur, ərazi planlaşdırılması məsələləri ilə əlaqələndirilməsi nəzərdə tutulur.
Mənbə:> AzərTac