ARDNŞ "Bulqarqaz"la razılaşdı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Bakıda səfərdə olan “Bulqartransqaz” və “Bulqarqaz” şirkətlərinin rəhbərləri ilə görüşüb.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan R.Abdullayev Azərbaycan ilə Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, Bolqarıstan Prezidentinin “Əsrin müqaviləsi”nin 20 illik yubileyinə həsr olunmuş bayram tədbirlərində və “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimində iştirak etməsini bu münasibətlərin parlaq təzahürü kimi qiymətləndirib.
Bakıdakı təntənəli mərasimlərin yüksək səviyyədə təşkil olunduğunu bildirən qonaqlar Azərbaycan təbii qazının Bolqarıstana tezliklə nəql edilməsində maraqlı olduqlarını vurğulayıblar.
Sonra ARDNŞ ilə Bolqarıstanın qaz şirkətləri arasında iki sənəd imzalanıb. ARDNŞ-in prezidenti və “Bulqartransqaz”ın baş direktoru Kiril Temelkov şirkətlər arasında Anlaşma Memorandumu imzalayıblar. İmzalanmış digər sənəd isə Dövlət Neft Şirkəti və “Bulqarqaz” şirkəti arasında niyyət protokoludur.
Mənbə:> ANSPRESS