“Riyad-Farm” işçilərinin 2-3 aylıq maaşını verə bilmədi
Bunu virtualaz.org saytına Səhiyyə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, nazirlik tərəfindən “Riyad-Farm”MMC ilə bağlı araşdırma aparmayıb.
Qeyd edək ki, “Riyad-Farm” MMC mayın əvvəlindən Bakıda və bölgələrdəki apteklərinin fəaliyyətini dayandırır.
Şirkətə məxsus apteklərdən virtualaz.org saytına bildiriblər ki, apteklərin bağlanmasına səbəb şirkətin müflüsləşməsidir. Belə ki, martın əvvəlindən dərman qıtlığı yaranıb: “Sifariş verilən dərmanların gətirilməsində problemlər yaranmışdı. Satıcıların isə mart, aprel aylarının maaşları verilməyib. Bəzi apteklərdə çalışanlar 3 aylıq əməkhaqqını ala bilməyib. Lakin işçilərdən əlaqə nömrələri götürülüb, problem həll olunandan sonra maaşların ödəniləcəyinə söz verilib. Aptek və bazadakı yerdə qalan dərmanlar dəyər-dəyməzinə satışa çıxarılacaq”.
Onu da qeyd edək ki, “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Şirkətin Beynəlxalq Banka 200 milyon dollar borcu olduğu haqqında məlumat yayılıb.
“Riyad-Farm” son günlərə kimi əczaçılıq bazarında qabaqcıl distribütorlardan biri olub. Şirkət beynəlxalq əczaçı şirkətləri ilə bağladığı birbaşa müqavilələr əsasında dərman vasitələrini Azərbaycan bazarına gətirən ən böyük idxalçılardan biridir.
“Riyad-farm” 1998-ci ilin mart ayında təsis edilib. Şirkətin Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran, Şirvan, Quba, Cəlilabad və Biləsuvarda 20-dən çox filialı və 40 aptekdən ibarət şəbəkəsi fəaliyyət göstərib. Bundan əlavə, “Riyad-Farm” tərəfindən gətirilən 5000-ə yaxın dərman preparatı və tibbi ləvazimatları apteklərə paylanıb. Şirkətin 2414 nəfər işçisi olub.
Mənbə:> Virtualaz.org