Elman Rüstəmov növbəti dəfə ölkənin baş bankiri oldu
Bu gün Milli Məclisin plenar iclasında Elman Rüstəmov və Xəqani Abdullayevin Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsi müzakirə olunub.
.Az News.info APA-ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, E.Rüstəmov artıq 20 ildir ki, AMB-yə uğurla rəhbərlik edir.
Milli Məclisin İqtisadi siyasət komitəsində E.Rüstəmov və X.Abdullayevin AMB-nin İdarə Heyətinə üzvlüyü məsələsi müzakirə olunduğunu xatırladan Z.Səmədzadə millət vəkillərinin E.Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.
O, eyni zamanda millət vəkillərinin X.Abdullayevin də fəaliyyətinin yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, E.Rüstəmov çox peşəkar kadrdır.
Daha sonra E.Rüstəmov və X.Abdullayevin AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi səsə qoyulub.
Millət vəkilləri səs çoxluğu ilə hər iki şəxsi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edib.
Mənbə:> APA