Asiya İnkişaf Bankı Azərbaycana 815 milyon dollar ayıracaq
Asiya İnkişaf Bankı (AİB) 2019-2021-ci illərdə Azərbaycana öz kredit resurslarından 815 milyon dollar ayıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə bankın üç illik biznes-planında qeyd edilir.
Bildirilir ki, göstərilən dövrdə AİB Azərbaycana üç kredit xətti açacaq.
Belə ki, 2019-cu ildə bank ölkəyə 250 milyon dollar, 2020-ci ildə 265 milyon dollar, 2021-ci ildə isə 300 milyon dollar kredit ayıracaq.
Bankın üç il müddətində ayıracağı bu kreditlər enerji sektorunda layihələrə, makroiqtisadi sabitliyin təmin edilməsinə və dövlət idarəetməsinin səmərəliliyinin artırılmasına yönəldiləcək.
AİB-in qiymətləndirmələrinə əsasən, 2019-2021-ci illərdə Azərbaycan hökuməti bank tərəfindən maliyyələşdirilən layihələri maliyyələşdirmək üçün 85 milyon dollar ayıracaq.
Bundan əlavə, 2019-2021-ci illərdə AİB Azərbaycana 1.5 milyon dollar məbləğində texniki yardım göstərməyi planlaşdırır.
Mənbə:> Oxu.Az