“Təhsil haqqını dollarla deyil, manatla ödəyək” - Türk tələbələr çıxılmaz vəziyyətdə Prezidentə üz tutdular
Azərbaycanda təhsil alan tələbələrin təhsillərini yarımçıq qoymaq təhlükəsi var.
Azərbaycanda 2 minə yaxın türkiyəli tələbə təhsil alır. Öncədən manatla təhsil haqqı ödəyən tələbələrin 2 il əvvəl dollarla təhsil alacağı qərarı çıxıb. Beləliklə, manatla verilən təhsil haqqı dollara çevrilib. Misal üçün Tibb Universitetində oxuyan tələbə 2 il əvvəl 4 min manat təhsilhaqqı ödəyirdisə, 2 il əvvəlki qərardan sonra 4 min dollar ödəməli olub.
Türkiyədə lirənin dollara nisbətən kəskin ucuzlaşması təhsil alan tələbələrin 2 qat pul ödəmələrinə gətirib çıxardıb. Lirənin dəyərinin kəskin aşağı düşməsi tələbələrin təhsil almaq imkanlarını da çətinləşdirib. Bu səbəbdən də, Azərbaycanda təhsil alan tələbələr birgə qərar veriblər ki, ya təhsil haqqlarını manatla ödəsinlər, ya da təhsillərini yarımçıq qoysunlar.
Türkyəli tələbələr sosial şəbəkələr üzərindən birlikdə, Azərbacan prezidenti İlham Əliyevə müraciətlər ünvanlayıblar. Müraciətdə bildirilir ki, əvvəlki kimi təhsil haqqını manatla ödəmələrinə şərait yaradılsın.
Yenicag.az türkiyəli tələbələrlə əlaqə saxlayıb. Tələbələrin bildirdiyinə görə, 2 il əvvələ qədər təhsil haqqlarını manatla veriblər, ancaq ötən il təhsil haqqını dollarla tələb ediblər. Tələbələrin sözlərinə görə, Azərbaycanda təhsil alan türkiyəli tələbələrdən bu il də təhsil haqqını dollarla vermələrini istəyirlər. Bu səbəbdən də, türkiyəli tələbələr çarəsiz qalıblar.
Türkiyəli tələbələrin komissiya üzvü Mehmet Bilən bildirib ki, təhsil haqqı dollarla tələb edilsə tələbələrin hamısı təhsilini dayandırcaq:
“Dünən axşam sosial şəbəkə üzərindən kampaniyaya başladıq. Bir çox insanlardan dəstək aldıq. Azərbaycan Tibb Universitetində oxuyuram. Burada oxuyan türkiyəli tələbələr illik 4 min dollar pul ödəyirlər. Digər universitetlərdə oxuyan tələbələrimiz isə 1200, 1300, 2500 dollar ödəyirlər. Türkiyədən Azərbaycanda oxuyan 2 minə yaxın tələbə var. Biz qardaş ölkəyik. ABŞ-ın oyunlarına boyun əymək istəmirik. Onun üçün Azərbaycanda təhsil haqqını dollarla yox, manatla vermək istəyirik. Biz dekana müraciət etdik, bizə dedilər ki, bizlik bir şey yoxdur. Qərar belədir. Bu səbəbdən də Azərbaycanın dövlət rəhbərlərinə müraciət edirik ki, təhsil haqqını əvvələr olduğu kimi, indi də manatla ödəyək”.
Türkiyəli tələbə bildirib ki, dünən gecə aldıqları qərara görə, təhsil haqqı manatla ödənilməsə təhsillərini dayandıracaqlar:
“Dünən axşam qərar verdik ki, təhsil haqqını manatla ödəməsək təhsilimisi dayandıracağıq. Biz oxumaq istəyirik, ancaq dollarla təhsil haqqı ödəməyə gücümüz yoxdur. Bu səbəbdən də, Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan prezidenti İlham Əliyevə müraciətlər ünvanladıq. Təhsil haqqı dollara ödənilməyə başlayandan universitet oxumaq isəyən tələbələr Azərbaycana yox, Ukraynaya getməyə üstünlük verirlər. Çünki orada təhsil haqqı çox ucuzdur. Ötən il 1 dollar 3.50 lirə idi, indi 6 lirədir. Beləcə, bizim təhsil haqqımız 2 dəfə qalxıb. Azərbaycanda təhsil almaq istəyənlərin böyük hissəsi gəlməkdən imtina edilər. Səbəb isə təhsil haqqının dollarla ödənməsidir”.
Qeyd edək ki, təhsil haqqlarının planlaşdırılması Təhsil Nazirliyinin yox, Nazirlər Kabinetinin səlahiyyətlərinə daxil olan məsələdir. Bu məsələdə Nazirlər Kabineti hansı addım atacaq, çox maraqlıdır.
Mənbə:> Yeniçağ.az