Azərbaycan, Latviya və Gürcüstanın qadın sahibkarları əməkdaşlığa başladı – FOTO
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Latviya Sahibkar Qadınlar Assosiasiyası və Gürcüstan Sahibkar Qadınlar Birliyi arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.
Beləki, Gürcüstanın Tbilisi şəhərində “Gürcüstan-Latviya-Azərbaycan Sahibkar Qadınlar Təşkilatlarının Beynəlxalq Əməkdaşlıq Forumu” çərçivəsində işgüzar görüş keçirilib. AzNews.info xəbər verir ki, tədbirdə hər üç ölkədə fəaliyyət göstərən sahibkar xanımlar iştirak edib. 26 iyun tarixində baş tutan forumda hər üç ölkənin işgüzar xanımları arasında mövcud və potensial əməkdaşlıqlar müzakirə olunub, gələcək əməkdaşlıqlar istiqamətində danışıqlar aparılıb.
Forumun sonunda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının icraçı direktoru Nigar Ələsgərova, Gürcüstan Sahibkar Qadınlar Birliyinin prezidenti Mziya Kereselidze, Latviya Sahibkar Qadınlar Assosiasiyasının sədri Janna Kulakovanın iştirakı ilə əməkdaşlıq memorandumu imzalanıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası 26.10.2017-ci ildə ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təsis olunub, 22.12.2017-ci ildə dövlət qeydiyyatına alınıb. AQSİA-nın əsas məqsədi qadınlar arasında sahibkarlığın inkişafına kömək etməkdir.
Mənbə:> AzNews.info