"Qadın sahibkarlığının inkişafı Azərbaycan üçün aktual mövzudur" – FOTO
22 may 2018-ci il tarixdə Nizami Kino Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Kütləvi İnformasiya Vasitələrinin Nümayəndələri ilə görüş keçirib. Görüşün əsəs məqsədi AQSİA-nın fəaliyyəti ilə media nümayəndələrini yaxından tanış etmək və yaxın gələcəkdə əməkdaşlıq imkanlarını genişləndirməkdir.
AzNews.info-ya AQSİA-nın ictimaiyyətlə əlaqələr departamentindən verilən xəbərə görə görüşdə iştirak edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri xanım Səkinə Babayeva bildirib ki, ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Biz AQSİA-nın idarə heyəti olaraq çalışırıq ki, assosiasiya fəaliyyətini daha effektiv təşkil etsin və bu məqsəd ilə qısa zaman ərzində müxtəlif dövlət, özəl qurumlar o cümlədən xarici ölkələrin Azərbaycandakı səfirlikləri, müxtəlif beynəlxalq qurumlarla əməkdaşlığımız daha da gücləndirilsin. İnkişaf etməkdə olan ölkəmiz üçün qadın sahibkarlığının inkişafı aktual mövzudur və bu istiqamətdə biz bütün gücümüzü səfərbər etmişik. Səkinə xanım özəlliklə vurğulamışdır ki, hədəflərimizə çatmaq üçün jurnalistlərin dəstəyi əvəzsizdir.
Görüş səmimi mühitdə çay süfrəsi arxasında davam edib və görüş sonrası media nümayəndələrinə Bakı Tekstil Fabrikinin məhsullarından ibarət hədiyyələr təqdim olunub.
Mənbə:> AzNews.info