Azərbaycanda sahibkar qadınların sayı açıqlandı
2015-ci ilin iyunun 1-nə olan məlumata görə, Azərbaycanda hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 551 mindən (daha dəqiq 551 724) çox olub.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Komitənin məlumatına görə, hesabat dövründə fərdi sahibkarların çox hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35,9%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (17,2%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (13,7%) və “Nəqliyyat və anbar təsərrüfatı” (12,8%) bölmələrində qeydiyyatdan keçib.
Bundan əlavə, komitənin məlumatına görə, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (34%), Aran (19,8%), Gəncə-Qazax (12,7%) və Lənkəran (7,5%) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 80,6%-ni və ya 444, 534 nəfərini kişilər, 19,4%-ni və ya 107, 190 isə qadınlar təşkil edib.
Sahibkar qadınların 38,8%-i Bakıda, 16,4%-i Aran, 15,1%-i Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə bölgüsündən aydın olur ki, Bakıda (22,2%), habelə Gəncə-Qazax (23,1%) və Şəki-Zaqatala (20,9%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli