Dövran geri dönür: Rayonlarda şəxsi pay torpaqlarında zorla pambıq əkdirilir
“Ötən il büdcə təşkilatlarının işçilərini icbari qaydada pambıq yığımına aparırdılarsa, bu il onların özlərini pambıq əkməyə məcbur edirlər – bu barədə rayonlardan məlumatlar eşidilir. Müəllimi pambıq əkməyə məcbur etmək nə deməkdir? Əgər mərkəzi hakimiyyət orqanlarının yerlərdəki bu biabırçılıqdan xəbərləri yoxdursa, qarşısı mütləq alınmalıdır”,- bu barədə iqtisadçı ekspert Rövşən Ağayev öz şəxsi Facebook səhifəsində məlumat verib.
“Yerli icra orqanlarının vətəndaşları öz şəxsi mülkiyyətində olan torpaqlarında pambıq əkməyə məcbur etməsi narahatlıq doğuran məsələdir. Əvvəla, bu insan haqqı məsələsidir – vətəndaşı özü istəməyi hansısa bir işə məcbur etmək insan hüquqlarının pozulmasıdı.İkincisi, bu mülkiyyət hüququnun pozulmasıdı – insanların öz şəxsi mülkiyyətindən necə istifadə etməsinə yalnız özləri qərar verə bilər” deyə ekspert bildirib.
Ekspertin fikrinə görə, burda maraqlı olan başqa məsələlər də var:
“Kənd təsərrüfatına yararlı torpaqların cəmi 25%-i pay torpaqları formasında vətəndaşlara verilib – təxminən 1.3 milyon hektar. Yerdə qalan 3.5 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq dövlət və bələdiyyə mülkiyyətində saxlanılıb. Eyni zamanda, dövlət və bələdiyyə mülkiyyətində saxlanan kənd təsərrüfatı torpaqlarının 600 min hektara yaxını əkinə yararlı torpaqlardır.
İndi əsas sual da budur – niyə məmurlar dövlət və bələdiyyə mülkiyyətində olan yüz minlərlə hektar torpağın 150-200 min hektarını pambıq əkinlərinə cəlb etməklə vətəndaşları rahat buraxmaq istəmirlər? Axı vətəndaşların əlindəki az həcmdə torpaqla ölkənin ərzaq təhlükəsizliyi təmin edilir. Rəsmi statistika özü etiraf edir ki, bütün kənd təsərrüfatı məhsullarının ən azı 90%-i ev təsərrüfatlarının sərəncamında olan həmin 1.3 milyon hektar torpaqda istehsal edilir”.
Rövşən Ağayev həm dövlət , həm də torpaq mülkiyyətçiləri üçün faydalı olacaq həll yolunu da göstərib: “Əgər doğrudan da pambıq əkmək fermerlər üçün sərfəlidirsə, hökumət insanları incitmədən burda belə mexanizm tətbiq edə bilər: 1) dövlət və bələdiyyə mülkiyyətində olan əkinə yararlı və suvarıla bilən torpaqlardan təxminən 100 min hektar torpaq fondu açıq müsabiqələr vasitəsilə fermerlərə təklif edilir; 2) Bu torpaqlar üçün icarə haqqı alınmır, suvarma suyu üçün haqq alınmır; 3) Bu əkinlərə becərmə başlayan andan kənd təsərrüfatı sığortası təmin edilir, sığorta ödənişlərinin bir hissəsini hökumət, bir hissəsini də pambıq zavodları üzərinə götürür.
Əgər belə şərtlər altında pambıq əkməyə iddialı fermerərin sayı çox olacaqsa, deməli bu sahə mənfəət gətirir, maraq olmayacaqsa, deməli sərfəli iş deyil.Bu mexanizmin tətbiqinin bir üstünlüyü də odur ki, pambıq əkini on minlərlə adamı cəlb etməklə 0.5-1 hektarlıq sahələrdə yox, daha za sayda insan hesabına ən azı 50-100 hektarlıq sahələrdə həyata keçiriləcək. Miqyas effekti hesabına xərclərin azalması pambıq əkinlərini daha rentabelli edə bilər.”- deyə o bildirib.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyəttlə Əlaqələr Şöbəsinin rəhbəri Murtuzəli Hacıyev Bizim Yol-a bildirib ki, belə bir fakt barəsəində nazirliyə məlumat daxil olmayıb. “Hər kəs özəl pay torpağında nə əkəcəynə özü qərar verir, kiməsə necə əmr etmək olar ki, sən pambıq əkməlisən və yaxud kimisə necə zorla pambıq yığmağa aparmaq olar? Yığılan hər kilo pambıq üçün ödəniş edilir. Əgər müəllimi maaşı qane etmirsə və o işdən kənar vaxtda əlavə qazanc məqsədi ilə gedib pambıq yığırsa, bu da onun öz işidir və heç kim qarışa bilməz”
Mənbə:> Bizimyol.info