İlham Əliyev: Azərbaycan qaz ehtiyatları ilə Avropa bazarına daxil olur
Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdəbiri və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır.
Oxu.Az xəbər verir ki, bunu Azәrbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyi layihəsi olduğunu qeyd edib: “Biz milli təhlükəsizlikdən danışarkən əlbəttə ki, hazırda enerji təhlükəsizliyi ən vacib elementlərdən biridir. Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir, bizdə bu, marşrutların və mənbələrin şaxələndirilməsidir. Bu, əsl şaxələndirmədir. Çünki təkcə marşrutların şaxələndirilməsi bizimkindən bir qədər fərqlidir. Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir.
Əməkdaşlıq yalnız o zaman mümkündür ki, bütün tərəflər ondan faydalansın. Bu səbəbdən, başlanğıcda bizim əsas məqsədimiz istehsalçılar, tranzit ölkə və istehlakçılar arasında yaxşı balansın tapılmasıdır. Yalnız bu halda biz uğur qazana bilərik və layihənin uğurlu icrası bizim doğru yolda olduğumuzu göstərir. İstehsalçıların və ya istehsalçının, – hələ ki, cəmi bir istehsalçı var - Azərbaycan, – tranzit ölkələrin və istehlakçıların maraqları tam şəkildə nəzərə alınır və Cənub Qaz Dəhlizi cəlb olunmuş bütün ölkələrdə bir neçə milyardlıq investisiyalara yol açır. Bu, minlərlə yeni iş yeri deməkdir. Bu, təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturu, nəqliyyat infrastrukturuna investisiya yatırılması deməkdir. Cənub Qaz Dəhlizi marşrut boyunca yerləşən və Cənub Qaz Dəhlizinin üzvü olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib çıxaracaq.
Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır. Çünki bu gün Cənub Qaz Dəhlizinin üzvü olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalayıb. Hazırda biz Avropa İttifaqı ilə danışıqlar aparırıq və yeni tərəfdaşlıq sazişi də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün yeni format yaradacaq”.
Prezident, əvvəlki layihələrlə yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsinin ölkəyə yeni faydalar verdiyini qeyd edib: “Azərbaycan iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edib. Hazırda ümumi daxili məhsulun mütləq əksəriyyəti özəl sektorun payına düşür”.
“Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsinin ən yaxşı göstəricisi Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsidir. Son qiymətləndirmə göstərir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir.
Bizdən əvvəl yalnız 30 inkişaf etmiş ölkə və 2 inkişaf etməkdə olan ölkə var. Bu, o deməkdir ki, biz rəqabətlilik və inkişafa görə 33-cü və 35-ci yerdəyik. Bu, bizim enerji amili ilə dəstəklənən siyasətimizin göstəricisi və siyasətimizin nəticəsidir. Sözsüz ki, biz Azərbaycanda yeni enerji inkişafı ilə bağlı tərəfdaşlarımızla fəal şəkildə işləməyə davam edəcəyik”, - deyə dövlət başçısı qeyd edib.
Mənbə:> Oxu.Az