Bakı Şopinq Festivalına görə bir qrup şəxs mükafatlandırıldı – FOTO
Mayın 24-də “Bulvar Hotel”də Bakı Şopinq Festivalının keçirilməsində əməyi olan bir qrup şəxsin mükafatlandırılma mərasimi keçirildi.
AzNews.info xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının təşkil olunması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən ilk festival uğurlu nəticələrlə yadda qaldı: “Bakı Şopinq Festivalının təşkil olunmasına cəlb edilmiş bütün dövlət qurumları birgə çalışaraq bu festivalın işinə öz töhfəsini verdi. Qısa müddətdə təşkil olunmasına baxmayaraq festival uğurlu nəticələrlə yekunlaşdı. 1 ay müddətində Bakının əsas ticarət mərkəzlərinin, mağazalarının qoşulduğu bu festivaldan turistlərlə yanaşı, yerli sakinlər də geniş yararlana bildilər”.
Nazir qeyd etdi ki, Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi üçün Turizm Şurası yaradılıb. Şuranın həyata keçirdiyi ilk iş də məhz Bakı Şopinq Festivalı oldu.
Nazir festivalın təbliğ olunmasında yerli kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu diqqətə çatdırdı.
Vurğulandı ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan Bakı Şopinq Festivalı paytaxtımızın böyük turizm mərkəzinə çevrilməsində mühüm rol oynayacaq. Növbəti festivala 500-dək ticarət obyektinin qoşulması, “Tax Free” sisteminin tətbiq olunması müddətinin artırılması da nəzərdə tutulur. İkinci festivalın vaxtı, proqramı yaxın günlərdə elan olunacaq.
Daha sonra Şopinq festivalının keçirilməsində əməyi olan bir qrup şəxsə mükafatlar təqdim olundu. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Türkan Cəfərova, Turizm şöbəsinin əməkdaşı Günel Aslanova, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova, Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev “Fəxri turizm işçisi”, İncəsənət şöbəsinin əməkdaşı Mənzərxanım Nurəliyeva “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundular.
Bir qrup şəxsə isə nazirliyin fəxri fərmanı təqdim olundu.
Mənbə:> AzNews.info