Vüqar Bayramov hər qız uşağına görə 10 min manat verilməsi məsələsinə aydınlıq gətirdi
2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi ötən ilin dekabrın 22-də “Azərbaycan Respublikası əhali sakinliyi və demoqrafik inkişaf” üzrə Dövlət Proqramı layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilmişdi.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov bildirib.
“Xatırladım ki, həmin görüşdə nazirliyin bütün rəhbər əməkdaşları, o cümlədən müvafiq şöbə müdirləri iştirak edirdilər. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi və hətta deyildi ki, əgər ideya təsdiq olunarsa o zaman maliyyə çətinliyi olmayacaq, çünki vəsait hissə-hissə hesaba köçürüləcək ”- deyə, iqtisadçı bildirib.
Bu layihədə qız uşaqlarına üstünlüyün verilməsi məsələsinə isə iqtisadçı bu cür aydınlıq gətirdi:
“Niyə oğlan deyil, qız uşaqlarına depozitlərin verilməsi isə başa düşüləndir. Çünki Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acnacaqlı olsa da ana bətnindəcə öldürülür. Məqsəd də bu halların qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir”.
İqtisadçı-alim bu sözləri də əlavə edib:
“Uşaqların sayı çox olan ailələrdə valideynlərin daha tez pensiyaya çıxması təklifini isə bir sıra digər təkliflər ilə yanaşı həmin görüşdə mən bildirdim. Əmək və əhalinin sosial müdafiəsi naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlar ilə bu məsələnin müzakirəsini aparsınlar.
Qeyd edim ki, proqram layihəsinin hazırlanmasına əsas məsul olan şöbə Nazirliyin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsidir”.
Vüqar Bayramov layihənin dəstəklənməsinə tərəfdar olduğunu da bildirdi:
“Mən ümumiyyətlə, hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıyam. Bu, demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı, bu gün hətta ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər”.
Xatırladaq ki, bu gün Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli APA-nın sorğusuna cavab olaraq bildirmişdi ki, Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manat vəsaitin köçürüləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır.
Mənbə:> Oxu.Az