İpoteka krediti verən bankların – YENİ SİYAHISI
“Azərbaycan İpoteka Fondu” (AİF) ASC agent banklarının sayını artırıb.
AzNews.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə fonddan məlumat verilib.
“Dəmirbank”, “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Bank of Baku”, “AtaBank” və “Muğanbank” AİF-in agent bankları olub”, - deyə məlumatda bildirilir. Beləliklə, fondun agent banklarının sayı 21-ə çatıb.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib.
AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 100 min manatı keçməməlidir.
Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil, müddət 30 ilə qədərdir. İlkin ödəniş 15% təşkil edir.
Mənbə:> İnterfaks