Dollarla verilən kreditlər ucuzlaşıb – TƏHLİL
2016-cı ilin sonunda banklararası kreditlər üzrə orta faiz dərəcəsi manatla 7,78%, xarici valyuta ilə 5,44% olub.
Aznews.info-un məlumatına görə, Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına əsaslanaraq xəbər verir ki, orta faiz dərəcəsi artıb.
2015-ci ilin sonu ilə müqayisədə görürük ki, banklararası kreditlər üzrə orta faiz dərəcəsi, demək olar ki, çox az dəyişib.
Belə ki, ötən ilin sonunda manatla verilmiş banklararası kreditlər üzrə faiz dərəcəsi 6,71%, xarici valyuta ilə verilmiş banklararası kreditlər üzrə orta faiz dərəcəsi 5,89% olub.
Təhlilə əsasən, milli valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi az da olsa artıb, lakin xarici valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi çox cüzi azalıb.
Bundan başqa, banklararası bazarda 30 günədək olan kreditlər üzrə faiz dərəcəsi 2016-cı ilin sonunda manatla 1,40%, xarici valyuta ilə 4,22% olub.
Banklararası kredit bazarında 90-180 günlük kreditlər üzrə faiz dərəcələri 30 günlük kreditlər üzrə faiz dərəcələrindən kəskin şəkildə fərqlənir. Banklararası kreditlərin manat üzrə faiz dərəcəsi təxminən 10 dəfə, xarici valyuta üzrə isə təxminən 2,5 dəfə çox olub və uyğun olaraq 13,59% və 10,41% təşkil edir.
Müddəti 1 ildən çox olan banklararası kreditlər üzrə faiz dərəcəsi 2016-cı ilin sonunda manatla 8,91%, xarici valyuta üzrə 4,71% təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə manatla verilən kreditlər üzrə faiz dərəcəsi 6,32%-dən 8,91%-ə artıb. Xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi isə 6,84%-dən 4,71%-ə düşüb.
Mənbə:> Fins.az