Novxanı niyə təbii qazsız qalıb? – AÇIQLAMA
“Abşeron rayonu, Novxanı qəsəbəsi, Aşağı Bağlar Massivi ərazisində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən daşıyıcı qaz xətləri çəkilib. Amma bəzi yaşayış evləri bu xətlərə xeyli uzaq məsafədən birləşdirilib. Ona görə də, onlarda bu kimi problemlər (stabil olaraq təbii qazın verilməməsi - red.) yaşanır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.
“İB-yə müraciət olunduqdan sonra məsələ araşdırılıb və əməkdaşlar tərəfindən tənzimləmə işləri aparılır”, - deyə qurumun rəsmisi sözlərinə əlavə edib.
Qeyd edək ki, Oxu.Az-a həmin ərazidə yaşayan sakinlərdən bir neçəsi müraciət edərək bildirib ki, burada qaz kəməri olmasına baxmayaraq, təbii qazdan istifadə etmək mümkün olmur:
“Burada təbii qaz yalnız yaxşı havada olur. Pis hava şəraitində isə ümumiyyətlə, təbii qazdan istifadə etmək müşkülə çevrilir. Bununla əlaqədar bir neçə dəfə quruma şikayət etmişik. Amma məsələ ilə bağlı hər hansı bir iş görülməyib”, - deyə sakinlər qeyd etmişdi.
Xatırladaq ki, sakinlər də məsələnin qurumun əməkdaşları tərəfindən araşdırıldığını bildiriblər.
Mənbə:> Oxu.az